Uşaqlıq, yeniyetməlik dövrümüzdə, uzaq 70-ci illərdə, sevə-sevə, özünəməxsus oyun tərzi ilə seçilən Səmədağa Şıxlarovun oyunlarını seyr edərdik. Hücumçumuzun dünya şöhrətli qapıçı Rinat Dasayevin qapısına vurduğu qollar isə indi də azarkeşlərin yadındadı.
İllər sonra "Neftçi"də bir yerdə çalışdıq. Futbolda Səmədağa Şıxlarov səviyyəsini heç vaxt biruzə verməzdi, sadəliyi ilə seçilərdi. Böyüklə-böyük, kiçiklə-kiçik idi. Bununla yanaşı öz şəxsiyyətini, adını hər zaman qoruyurdu. Dəyərli həkimimiz Boris Xetaqurovun da bizimlə birgə çalışması Səmədağa Şıxlarova əlavə stimul verirdi. Sanki gənclik illərini yenidən yaşayırdı.
Son illər futbolda böyük haqsızlıqlarla üzləşdi. Futbolda ad qoymuş Səmədağa Şıxlarovun məcburiyyətdən həndbol sahəsində çalışması da sağalmaz yara, dərd idi. Üstəgəl sağlamlıq problemləri, ürək əməliyyatı...
Dözmürdü, tələsirdi, yolu keçdiyi kimi...
Bu da son! Acı xəbər, şanssız an...
Səmədağa Şıxlarovun qəfil gedişi Azərbaycanda futbolu sevən hər kəsi sarsıtdı. Səmədağa müəllimə dəyər-qiymət verənlər üçünsə əvəzolunmaz itkidir. Futbol qaymaqları bir-bir bizləri tərk edirlər...
Səmədağa Şıxlarov vaxtilə göstərdiyi gözəl oyunu, həyatda baş əyməməzliyi, mərdliyi, dostluğa sadiqliyi, haqsızlıqlarla barışmamazlığı ilə həmişə xatirələrdə yaşayacaq, xatırlanacaq...
Müstəqil Azərbaycanın Səmədağa Şıxlarov səviyyəsində futbolçulara çox ehtiyacı var. Bölgələrimizdən, unudulmaz futbolçumuzun böyüyüb başa çatdığı Neftçala-Salyan-Şirvan diyarından yeni-yeni səmədağaların yetişəcəyi gün(lər), Azərbaycan futbolunun qələbələri Səmədağa Şıxlarov ruhunu qismən də olsa isidə bilər...
Ruhun şad olsun, unudulmaz İNSAN!