“Çelsi”nin braziliyalı yarımmüdafiəçisi Villian gələcək karyerası ilə bağlı qərar verib. Lent.az-ın məlumatına görə, “zadəganlar”la müqaviləsinin müddəti mövsümün sonunda bitəcək “sambaçı” rəhbərliyin 2 illik yeni sözləşmə təklifini müsbət cavablandırmayıb.
Bu isə o deməkdir ki, Villian yayda azad agent statusu alaraq, iş yerini dəyişmək fikrindədir. 32 yaşlı futbolçu ilə 2 klubun yaxından maraqlandığı bildirilir. Söhbət “Barselona” və “Yuventus”dan gedir.
Qeyd edək ki, “Korintians”ın yetirməsi olan Villian “Çelsi”dən öncə Donetsk “Şaxtyor”u və “Anji”nin də formasını geyinib. 2013-cü ildən “Çelsi”nin uğurları üçün çalışan yarımmüdafiəçi cari mövsümdə ümumilikdə 36 oyunda 6 qola imza atıb.