“Aston Villa”nın keçmiş baş məşqçisi Stiven Cerrard Avropa ölkələrindən birinin millisinin baş məşqçisi olmağa hazırlaşır.
Lent.az bildirir ki, Britaniya mətbuatının yazdığına görə, 42 yaşlı mütəxəssis Polşa millisinin baş məşqçisi postuna namizədlərdən biridir. Cerrard artıq yerli futbol ittifaqı ilə danışıqlara başlayıb.
“Aston Villa”nın Stivenə ödədiyi illik 5 milyon funt-sterlinq təzminatla razılaşmanın qarşısı alına bilər. Polşa Futbol İttifaqı mütəxəssisə eyni məbləği ödəyə bilməyəcək.
Xatırladaq ki, millinin baş məşqçi postu Çeslav Mixneviçin istefasından sonra boş qalıb. O, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatının sonunda Polşa millisindən ayrılıb.
Cerrard 2021-ci ilin noyabrından 2022-ci ilin oktyabrına qədər “Aston Villa”da çalışıb.