Boksçularımız Avropa çempionatına qələbə ilə başladı
18 iyun 2021 10:11 (UTC +04:00)

Boksçularımız Avropa çempionatına qələbə ilə başladı

İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatına start verilib.

Apasport.az saytının məlumatına görə, 41 ölkənin qatıldığı yarışın ilk günü Azərbaycan millisinin üzvləri üçün uğurlu alınıb. Rinqə çıxan 4 boksçumuzun hər biri mərhələ adlayıb.

60 kq çəki dərəcəsində mübarizə aparan Cəlal Qurbanov 1/16 final mərhələsində macarıstanlı İstvan Bundovçsə 5:0 (29:26, 28:27, 28:27, 28:27, 29:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə ermənistanlı Jorjik Marutyanla qarşılaşacaq. Görüş iyunun 19-da olacaq.

Ruslan Rüstəmovun (64 kq) Uça Jorjoliani (Gürcüstan) ilə qarşılaşması daha gərgin alınıb. 3:2 (28:26, 26:28, 26:28, 27*:27, 27*:27) hesabı ilə qələbə qazanan boksçumuz 1/8 finala yüksəlib. O, bu gün rusiyalı Maqomed Şamsayevlə üz-üzə gələcək.

Sərxan Əliyev (69 kq) Patriot Behramini (Kosovo) mübarizədən kənarlaşdırıb. Rəqibini 5:0 (30:27, 30:26, 30:26, 30:27, 30:27) hesabı ilə məğlub edən təmsilçimiz 1/8 finalda ukraynalı Maksim Molodanla döyüşəcək. Görüş iyunun 19-da baş tutacaq.

Mirəşrəf Kazımzadə (75 kq) isə Arşak Yelizbaryana (Gürcüstan) şans verməyib. Həmyerlimiz erməni əsilli rəqibini 3:0 (28:28, 29:27, 29:27, 28:27, 28:28) hesabı ilə məğlub edib. Kazımzadə bu gün 1/8 finalda macarıstanlı Robert Cservenka ilə üz-üzə gələcək.

Qeyd edək ki, yığmamızın 7 boksçu ilə təmsil olunduğu yarışda final görüşləri iyunun 24-də olacaq. 320 min mükafat fondu olan çempionatın qalibi 8 min, gümüş medalçısı 4 min, 3-cü yerin sahiblərinin hərəsi 2 min dollar qazanacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1842
avatar

Oxşar yazılar