Hücumçu Kərim Benzemanın yaxın dostu və keçmiş agenti Kərim Caziri Fransa millisinin baş məşqçisi Didye Deşamı dünya çempionatı zamanı yalan danışmaqda ittiham edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Caziri bu barədə “Twitter” hesabında açıqlama verib.
“Stefanın (Deşamın köməkçisi Qi) dediyinə görə, o, turnirdə iştirak edə bilməzdi! Yalan danışmağa davam edin, onsuz da həqiqət üzə çıxacaq”, - Caziri bildirib. O əlavə edib ki, zədə səbəbindən Qətəri tərk etdikdən bir həftə sonra Benzema məşqlərə başlayıb. Dörd gün sonra hücumçu "Real” ilə yoldaşlıq görüşündə çıxış edib.
Noyabrın 20-də 34 yaşlı hücumçu məşq zamanı omba nahiyəsindən zədə aldığı bildirilmişdi. Bu səbəbdən o, dünya çempionatında bir dənə də olsun oyuna çıxmayıb. Benzema Fransa prezidenti Emmanuel Makronun turnirin final oyununda birlikdə iştirak etmək təklifini də rədd edib.
Dekabrın 18-də Fransa Qətərdə keçirilən turnirin final oyununda Argentinaya penaltilər seriyasında 4:2 uduzub. Fransızlar turnirdə son çempion statusunda çıxış ediblər. Ertəsi gün Benzema Fransa millisindəki karyerasını başa vurduğunu açıqlayıb. O, 2007-ci ildən milli komandada çıxış edir, 2020/2021 Millətlər Liqasının qalibi olub.