"Bavariya" "Tottenhem"in və İngiltərə millisinin 30 yaşlı hücumçusu Harri Keyn üçün yeni təklif irəli sürməyə hazırlaşır.
Lent.az bildirir ki, bu barədə “CBS Sports”un jurnalisti Ben Ceykobs öz “Twitter” səhifəsində yazıb.
Mənbənin məlumatına görə, bu dəfə Almaniya çempionu “Tottenhem”ə bonuslar daxil olmaqla 120 milyon avro təklif edəcək. "Bavariya"nın yaxın 24 saat ərzində Keyni almaq üçün yeni cəhd edəcəyi gözlənilir.
Xatırladaq ki, bundan əvvəl “Tottenhem” əvvəlki ikisi kimi Harrini almaq üçün “Bavariya”nın üçüncü təklifini rədd etdiyi bildirilmişdi. Münhen klubunun 70 milyonluq ilk təklifi iyun ayında rədd edilib. Transferin məbləğinin artırıldığı ikinci təklif də rədd edilib.
“Transfermarkt”ın məlumatına görə, 30 yaşlı hücumçunun bazar dəyəri 90 milyon avrodur.Harrinin ingilis klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatır.