2009-cu ildə Serbiyanın Novi Sad şəhərində Azərbaycan millisinin Avropa çempionatında ilk tarixi uğurunun hər dəqiqəsini yaxşı xatırlayıram. Çempionatın sonuncu turunda qrossmeysterlərimiz qızıl medalların sevincini yaşamaq üçün Hollandiya komandasını məğlub etməliydi. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov partiyalarını heç-heçə başa vurduqdan sonra bütün nəzərlər Vüqar Həşimova yönəldi. Əgər o, ikinci taxtada Daniel Stelvagenə qalib gəlməyi bacarsaydı, millimiz 2,5:1,5 hesabı ilə qələbə qazanıb fəxri kürsünün zirvəsində çempionluğunu bayram edəcəkdi.
Təsəvvür edin, hamı oyunu bitirib və lövhə qarşısında yalnız Vüqar mübarizəni davam etdirir. Saatlar keçir, yorğunluq özünü göstərir. Vüqarın oyununda bərabər vəziyyət yaranır. Yalnız beşinci saatda Həşimov rəqibi səhv etməyə məcbur edir. Ümid artır. Şəhriyarın üzü gülür, Teymur bəndənizə “narahat olma, yaxşı olacaq” söyləyir. Rauf Məmmədov “Sənan, bu gün çempion bizik. Bunu qırmızı hərflərlə yazarsan” deməklə məni daha da.
Bütün arenanın diqqəti Vüqar Həşimovdadı. Rəqib nə qədər ciddi müqavimət göstərsə də, görüş nə qədər uzansa da, Vüqarın tarixi gedişindən sonra Stelvagen uduzduğunu etiraf edir. Və Azərbaycan ÇEMPİON elan olunur!
Sevincimizdən ağlamaq istəyirik. Hamı bizi təbrik edir. Vüqar çoxlu sayda əcnəbi jurnalistin qarşısında yeganə azərbaycanlı media nümayəndəsi - bəndənizə yaxınlaşaraq yavaş səslə deyir: “İlk müsahibə sənindi. Çünki sən həmişə bizimləsən”.
Vüqar, Şəhriyar, Teymur, Rauf, Qədir, Eltacı həmişə birlikdə görmüşəm. Son 7 ildə Vüqarın bizimlə olmaması çox kədərlidir. Şəhriyarla Teymuru görəndə özümdən asılı olmayaraq gözüm Vüqarı axtarır. Çünki bu üçlük dünyanın istənilən şahmat komandasını mat edə bilərdi.
Bu gün, yanvarın 11-i Vüqarın bizi tərk etdiyi gündür. Azərbaycan Vüqarı və VÜQARLI çempionluğu heç vaxt unutmayacaq. Ruhun şad olsun çempion.
P.S. Çəkdiyim tarixi fotonu ilk dəfə paylaşıram. Çünki arxivimdə belə qiymətli şəkilin olmasını unutmuşdum.