“Azərbaycanda futbol yoxdur” -  Yunis Hüseynov
24 dekabr 2021 12:47 (UTC +04:00)

“Azərbaycanda futbol yoxdur” - Yunis Hüseynov

“Hamımız ömrümüzü futbola həsr etmişik. Ancaq baxaq görək, son vaxtlar bizdə futbol varmı?”

Bunu veteran futbolçu Yunis Hüseynov apasport.az saytına açıqlamasında deyib.

Azərbaycan millisinin sabiq üzvü komandamızın hər hansı bir turnirdəki nəticələrinin bir önəm kəsb etmədiyini düşünür. O, hətta I divizionla bağlı tənqidi fikir də bildirib: “Millimizin qrupda 3, 4 və ya 5-ci yeri tutması heç nəyi dəyişmir. Problem ondadır ki, Azərbaycanda futbol yoxdur. Biz yeniyetmələri, 17, 19, 21 yaşlı gəncləri inkişaf etdirməliyik ki, heç olmasa gələcəkdə kimsə əsas milliyə çıxa bilsin. 30 ildir deyirəm ki, uşaq futbolundan bu gün başlamasaq, sabah gec olacaq. Əvvəllər yenə rayonlarda futbol var idi, 30 il keçib, tamam yoxa çıxıb. Birinci divizionun oyunlarına baxıram. Bu liqanı futbol yox, uşaq bağçası ediblər. Belə futbol olmaz. 23-24 yaşlı gənclər bədbəxt oldular, futboldan getdilər”.

56 yaşlı mütəxəssis 21 yaşadək futbolçulardan ibarət yığmamızın çıxışına da biganə qalmayıb. O, uğursuz nəticələr göstərən komandanın baş məşqçi Milan Obradoviçə ehtiyac duymadığı qənaətindədir: “Milan Obradoviçin bu yaxınlarda verdiyi bir müsahibəni oxudum. Deyirdi ki, əla oynayırıq, Norveçə az qala qol vuracaqdıq. Üç ildir buradadır, 1 xal toplayıb. Kənara çəkilib, yavaş-yavaş işini görür. Ondan soruşan yoxdur ki, nə edirsən? Bəyəm biz Obradoviçdən savadsızıq? Azərbaycana onun kimi məşqçi lazımdır? Əvvəllər heç olmasa U-21-in oyun keçirib, uduzduğunu bilirdik. İndi heç bundan da xəbərimiz olmur. Elə şərait yaradılıb ki, sanki belə də olmalıdır. Bu məsələ heç geniş işıqlandırılmır da”.

Mətbuatda da tənqidi yazıların azaldığından şikayətlənən Yunis Hüseynov futbolumuzda baş məşqçi məsələsinin problem olmadığını söyləyib: “Hamını ancaq “millinin baş məşqçisi kim olsun”, - sualı maraqlandırır. Bundan yox, futbolu necə inkişaf etdirməkdən danışmaq lazımdır. Axı futbolumuz ölümə doğru gedir. Azərbaycan futbolunda problem baş məşqçi deyil. Mənim kimi ömrünü futbola həsr edən çox mütəxəssis var. Biz bu idman növü ilə yaşayan insanlarıq. Əvvəllər düşünürdüm ki, bugünkü açıqlamamda elə fikir bildirim, kimlərsə nəyisə “tutsun”. Çünki bilirdim ki, bu açıqlamadan bir gün sonra 7-8 nəfər də zəng edəcək. Amma indi hər hansı məsələyə münasibət bildirmək üçün ayda bir dəfə zəng ola, ya olmaya”.

“Karvan”, “Standard”, “Xəzər Lənkəran”, “Kəpəz” və “Keşlə”də baş məşqçi kimi fəaliyyət göstərmiş Hüseynov hesab edir ki, əsas millimizdəki həmkarı Canni de Byazinin Albaniya ilə qazandığı uğuru burada təkrarlaması mümkünsüzdür: “De Byazi Albaniya yığmasını Avropa çempionatının final mərhələsinə çıxardığı üçün ondan eyni uğuru burada da təkrarlamasını gözləyirik. Axı bizdə o məktəb, futbolçular yoxdur. Heç kim ona pis məşqçi deyə bilməz. Məsələ burasındadır ki, albanlardakı potensial bizdə yoxdur. Futbolumuza zavod, fabrik kimi baxırıq, şəxsi mülk sayırıq. Kimin nəyi düşündüyünü bilmirəm, amma futbolumuzun durumu məni narahat edir. O vaxt futbolun inkişafı ilə bağlı AFFA-ya fikirlərimi də bildirmişdim. Düzdür, onu öz düşüncələri kimi yaydılar, mənim adım kənarda qaldı. Təbii ki, futbolun inkişafı üçün maliyyə də lazımdır. Məncə, maliyyə də pis deyil. Sadəcə, düzgün istiqamətdə yönləndirmək lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1824
avatar

Oxşar yazılar