Azərbaycanda futbol olmasa nə itirərik? -  SORĞU
02 aprel 2021 12:53 (UTC +04:00)

Azərbaycanda futbol olmasa nə itirərik? - SORĞU

Keçmiş SSRİ dönəmində otüstü hokkey, su polosu kimi populyar olan, Azərbaycanın adını yüksəklərə qaldıran idman növləri bu gün ölkəmizdə yoxdur.

Apasport.az saytının məlumatına görə, reqbi, beysbol, qolf kimi idman növlərinə isə, ümumiyyətlə, maraq göstərilmir.

Həmçinin Sovet dövründə həndbolda “at oynadırdıqsa”, hazırda bu idman növünün də varlığı ilə yoxluğu bilinmir.

Bəs görəsən, Azərbaycanda futbol olmasa və ya indiki kimi maliyyə yatırılmasa ölkəmiz nə itirər? Bu sualla müxtəlif sahələrin nümayəndələrinə müraciət etdik.

Fazil Mustafa, deputat

Fazil Mustafa (Milli Məclisin deputatı): “Futbolun səviyyəsi inkişaf etməyə, dünya standartlarına uyğun olmaya bilər. Amma futbolsuz mümkün deyil. Məsələn, tibb olmasa Azərbaycan yığışıb ya İrana gedər, ya da Türkiyəyə. Futbolumuz bir sıra sahələrlə eyni durumdadır. Burada futbol olmasa, azarkeşlər pul xərcləyib “Barselona”nın oyununa gedəcəklər, “Real”ın formasını təbliğ edəcəklər, “Qalatasaray”ın, “Fənərbaxça”nın bayrağını qaldıracaqlar. “Qarabağ” öz miqyasında müəyyən uğurlar qazandı, Çempionlar Liqasında iştirak etdi. Bu dövrdə də hamı “Qarabağ” azarkeşi oldu. “Fənərbaxça”, “Qalatasaray” və digər Avropa klubları arxa planda qaldılar. Bu bir həyat tərzi, dövlətin, cəmiyyətin imicidir. Standartlara uyğun olmadıqda da imic aşağı düşür. Futbolu inkişaf etdirməyin də yolları var. Düzgün siyasət qurulmalı və ciddi dəyişikliklər aparılmalıdır. Azərbaycan xalqının sayı, potensialı kifayət qədər böyükdür. Qısa müddətdə futbolu da, basketbolu da, hətta reqbini də canlandıra bilərik. Sadəcə, bu sahənin mütəxəssislərini tapmaq, doğru seçim etmək lazımdır. Hansısa boşluğu da güclü əcnəbilərlə doldurmalıyıq. Məsələn, vaxtilə Rimas Kurtinaytisi gətirmişdilər, basketbol bir az inkişaf elədi. İndi basketbolu tamamilə məhv ediblər. Ortada nə normal milli komanda var, nə də məşqçi. Cavid Qurbanovun sayəsində voleybolda da müəyyən dirçəliş oldu. Ancaq kişi voleybolunu hələ istənilən səviyyəyə qaldıra bilməmişik. Bütün bunlar alınmayacaq işlər deyil. Sadəcə, doğru yolu tapmalıyıq. Futbol da eynilə belədir. Normal meydançaların təmir pulunu yeyirsənsə, betonun üstünə xalça sərib “oynayın” deyirsənsə, inkişaf edə bilməzsən. Bir neçə yerdə yaşıl meydançalar var idi, məhv edildi. Binaların həyətində olan meydançaların hamısında yeni bina tikilib. Stadionun da yerinə bina tikilər? Bir müddət əvvəl Cənubi Koreyadan otüstü hokkeyçiləri gətirib, hərəsinə bir azərbaycanlı soyadı verdilər. Bununla inkişaf eləmədi ki. Doğru, ağıllı idman siyasəti aparsaq, qısa müddətdə bərpa etmək olar”.

Aqil Abbas, deputat, jurnalist

Aqil Abbas (Milli Məclisin deputatı, jurnalist): “Futbol ən çox sevilən, insanları canlandıran idman növüdür. Təsəvvür edin, nəticəsini bildiyiniz oyunun təkrarına baxa bilmirsiniz. Ancaq bir filmə, tamaşaya 50 dəfə baxırsınız. Futbol insana bu dərəcədə həyəcan, adrenalin verən sahədir. Yaponiyada vaxtilə futbol yox idi, amma sonra yaratdılar, Zikonu Braziliyadan gətirib vaxt verdilər. Qurban Qurbanova 6 ay verilən vaxtdan yox. Bu gün Yaponiya güclü komandalardan biridir, bir çox futbolçusu da Avropada çıxış edir. Premyer Liqamızda hazırda cəmi 8 komanda var. Onlarda da ümumilikdə olsun 40 azərbaycanlı futbolçu. Onların içindən 20 nəfəri necə seçə bilərsən? “Sabah”dan da oyunçu götürərlər? Azərbaycanda “Sabah”, “Səbail” adında komanda var? Ad qoyub yaratmaqla komanda olmur? Kəndlərdə, rayonlarda futbol olmasa, mümkün deyil. Vaxtilə məktəblərarası, kəndlərarası, kolxozlararası futbol yarışları keçirilərdi. İndi rayonda stadion tikməklə futbolu inkişaf etdirmirsən. Kənddəkilərlə şəhərdəkilər fərqli futbol oynayardılar. Şəhərlilər texnikaya arxayın idilər, çünki balaca məhəllədə oynayırdılar. Rayonda isə nəfəs futbolu var idi, uşaqlar 90 dəqiqə yorulmadan “at kimi” qaçırdılar. Bizim futbolçular indi yarım saatdan sonra təngnəfəs olurlar. Rayonla şəhərdəkilərin sintezindən gözəl komanda yığılırdı. Demirəm ki, biz də böyük nəsə etmişik. Azərbaycan klubu tarixdə bir dəfə - 1966-cı ildə SSRİ-i çempionatında üçüncü yeri tutub. O, Azərbaycanın yığma komandası idi. Çünki “Neftçi” ölkənin yığması sayılırdı. Bu yaxınlarda AFFA-nın saytında bir yazı gördüm. Guya Azərbaycanda 200 mindən çox adam futbolla məşğul olub. Haradadır onlar? Gəncə, Tovuz, Mingəçevir, Lənkəran məktəbdir. Amma bu gün həmin yerlərdə futbol, demək olar ki, yox dərəcəsindədir. Premyer Liqanın 8 komandasından 7-si Bakıda olur. Bircə “Qəbələ”dir, onu da sıxırlar, yəqin ki, çıxarıb atacaqlar. Belə futbol olmaz”.

Elman Nəsirov, deputat

Elman Nəsirov (Milli Məclisinin deputatı): “İqtisadiyyatı inkişaf edən dövlətlərin idmanı da inkişafda olur. Bunlar bir-birinə bağlı məsələlərdir. Bu gün Azərbaycan iqtisadiyyatı regionun ən güclüsüdür. Elə bunun nəticəsidir ki, idmanın bir çox növlərində yüksək nailiyyətlər əldə edirik. Rio Yay Olimpiya Oyunlarında qazanılan uğurlar bir daha sübut etdi ki, Azərbaycan əslində idman sahəsində inkişaf etmiş ölkədir. Ancaq idmanın bəzi fərqli sahələri var ki, orada axsayırıq, zəif nöqtələrimizdir. Bunlardan biri, bəlkə də, birincisi futboldur. Fərqli dönəmlərdə futbol sahəsində də nailiyyətlərimiz olub. Xüsusən də, Sovet dönəmində “Neftçi”nin uğurları olub. Amma bu, sistemli nəticələr deyildi. Bəzən uğurlar qazanılsa da, əksər vaxtlarda orta səviyyəli çıxış olurdu. Görünür, fərdi idman növlərində daha yaxşı nəticələr qazanırıq. Ancaq kollektiv oyunlarda axsamalar var. Sevindirici haldır ki, qadın voleybolçularımız bu mifi dağıtmışdılar. Futbolun inkişafı isə təkcə idman hadisəsi deyil. Bunun siyasi çəkisi də böyükdür. Məsələn, Braziliyanı bütün dünyada məşhur futbol ölkəsi kimi tanıyırlar. Bu, Braziliyanın dünyadakı siyasi mövqeyinə də xidmət edir. Bu, dövlətin gücünü və imicini formalaşdıran məqamdır. Bütövlükdə idmanda nəticələrimiz yüksək olsa da, bunu futbol haqda söyləyə bilmirik. Çıxış yolu uşaq futbolunun inkişafına dəstəkdir. Futbol məktəblərimiz formalaşmalı, inkişaf etməlidir. Sistemli iş qurmalı, hədəflər müəyyənləşdirməli və peşəkar futbolçular yetişdirməliyik. Bu baxımdan uşaq futbolu çox perspektivli sahədir. İkinci məsələ olan legionerlərin gətirilməsi dünya praktikasında geniş yer alıb. Görünən odur ki, bu, bizdə çıxış yolu deyil, o effekti vermədi. Yeniyetmə və gənclərə diqqət ayırmaq, onların əsasında yığmanın yaradılması daha böyük nəticələrə yol açar. Bu, həm də Azərbaycanın təkcə idman aləmində deyil, ümumilikdə beynəlxalq aləmdə imic və populyarlığının daha da möhkəmləndirilməsinə xidmət etmiş olar”.

Rəşad Məcid, "525-ci qəzet"in baş redaktoru

Rəşad Məcid (yazıçı, jurnalist): “Azarkeşlər Azərbaycan futbolunun uğur qazanmasını arzulayırlar. “Qarabağ”ın beynəlxalq arenadakı ilk uğurları olan vaxt oyunlarına mən özüm də gedirdim. Azarkeşlərin futbola təsiri böyükdür. Oyun vaxtı onlar futbolçuya böyük motivasiya verirlər. Düzdür, xaricdən gətirilən futbolçuların müəyyən dərəcədə təsiri olur. Ancaq Azərbaycanda futbol ənənəsi var, xalqımız bu idman növünə böyük maraq göstərir. Sadəcə, münbit şərait, ürəkdən, candan idarəetmə yoxdur. Xüsusən də, regionlarda uşaq futbolu sahəsində problemlər var. Qaldı ki digər bir neçə idman növünə, Azərbaycan üçün spesifik olmayanları zorla gətirib pərçimləmək də düzgün deyil. Ənənəsi olmayan idman növünə görə burada vaxt aparmağa dəyməz. Sambo, güləş kimi milli kökləri olan idman növlərində təcrübəmiz var, bunlara daha çox şərait yaratmaq lazımdır. Təbii proses olmalıdır, sevgi ilə yanaşılmalıdır. Hər şeydə pul güdmək olmaz. Futbolda isə ardıcıl məğlubiyyətlər pessimizm, məyusluq gətirir. “Qarabağ” avrokuboklarda ardıcıl qələbələr qazananda stadiona axın olurdu, insanlarda bu ruhu dirçəldirdi. Milliyə rəhbərlik edənlər isə bura Vətən komandası kimi baxmalıdırlar. Başqa ölkələrdən məşqçilər gətirməklə düzəlməyəcək. Üstəlik, milliləşdirilmələrin əleyhinəyəm. Yenə bilərik ki, özümüzünkülər uduzur, zəif oynadılar, yaxşı hazırlaşmadılar, peşəkar deyillər. Xaricdən o qədər pula gətirib, yalandan milli oyunçusu adından oynadıb yenə uduzdurmaq azarkeş üçün ikiqat zərbədir”.

Ramiz Məmmədov, məşqçi

Ramiz Məmmədov (futbol məşqçisi): “Futbol olacaq, ancaq başında futbolu bilənlər olanda. Berti Foqts kimi, bu gün də Canni de Byazi vaxt istəyir. Foqtsa 6 il vaxt verildi, nəticəsi heç nə oldu. İndi də de Byazi boş-boşuna danışır. U-21 millimizin baş məşqçisi Milan Obradoviçlə də müqaviləni uzatdılar. Heç nə dəyişəsi deyil. 0:1 uduzmaqla 1:3 uduzmağın heç bir fərqi yoxdur. O sükan arxasında azərbaycanlı dayanmasa, heç nə düzəlməyəcək. Gerbin, himnin, bayrağın məsuliyyətini hiss etməyən insan ora canını qoymaz. Nuriyevlər, paşayevlər, israfilovlar çox gəlib-gedəcək. Quyuya su tökməklə dolmaz. İnanın ki, mənim heç birinin qazancında gözüm yoxdur. Onlar mənim həmkarımdır. Millinin əvvəlki baş məşqçilərinə də, de Byaziyə də qazandığı halal xoşu olsun. Sözümün canı ondadır ki, onlara verilən pulları daha səmərəli xərcləsəydik, uşaq futboluna ayırsaydıq, bu gün U-17-yə, U-19-a, U-21-ə, əsas milliyə xaricdən oyunçu axtarmazdılar. Necə ki, Foqts 6 il aldatdı, de Byazi də indi buna doğru gedir. Bernard Lippert 13 il burada işlədi, Azərbaycan futboluna nə xeyri dəydi? Millimizin ötən ay keçirdiyi üç oyunu, çatışmazlıqları gördük. Klublarla assosiasiya lazım gəlsə eyni proqramdan istifadə etməlidirlər. Yığmanın məşqçiləri klublarla əlaqələri genişləndirməli, oyunları izləməlidirlər. AFFA hər şeyə nəzarət etməlidir. Əgər bunlara nəzarət yoxdursa, AFFA-nın hansı işi gözə görünür? 3-4 nəfər menecerlik edən var ki, onların da futboldan anlayışı yoxdur. Xaricdən gətirdikləri “otxod” oyunçuların bizə nə faydası dəyə bilər? Gürcüstan, Ermənistan, Latviya kimi komandalar öz oyunçuları ilə uğurlu nəticələr göstərirlər. Biz ancaq özümüzü aldadırıq. Limitin sayını təcili dəyişmək lazımdır. Azərbaycan futbolu uçuruma gedir. Nə vaxta qədər nuriyevləri, paşayevləri yığıb gətirəcəyik? Foqts, de Byazi kimilərinə verilən pullara akademiyalar açsınlar. Veteran futbolçuları da həmin akademiyalara cəlb etmək lazımdır ki, gedib bazarda meyvə satmasınlar, qəssablıq eləməsinlər, taksi sürücüsü işləməsinlər. Onlar illərini ona görə sərf etməyiblər ki, indi kənarda qalsınlar. Bu gün futbola aidiyyəti olmayanlar bu sahədən pul qazanırlar”.

Natiq Muxtarlı, idman jurnalisti

Natiq Muxtarlı (idman jurnalisti): “Bu məsələ haqda bir dəfə yazmışdım. Misal kimi də Yamaykanı göstərmişdim. Yamaykada idmanda əsas yatırım atletikaya edilir və nəticə də əldə olunur. Azərbaycanda da idman strategiyasına baxış dəyişməlidir. Futbola dövlət yardımı dayandırılmalıdır, çünki, onsuz da, nəticə yoxdur. O vəsait Azərbaycan üçün xarakterik idman növlərinə ayrılmalıdır. AFFA-ya ayrılan milyonlarla vəsaitə Azərbaycanın bütün kənd və qəsəbələrində güləş, cüdo, karate bölmələri açmaq olar. Onsuz da, Olimpiya Oyunlarında medal ümidimiz məhz bu idman növləridir. Deməli, bu idman növləri ilə daha çox uşağın məşğul olmasında maraqlı olmalıyıq. Azərbaycanın kəndlərində gələcəyin minlərlə potensial güləşçisi, cüdoçusu, karateçisi infrastrukturun olmaması ucbatından idmanla məşğul ola bilmir. Futbol olmasa, Azərbaycan heç nə itirməyəcək. Amma güləş olmasa çox şey itirəcək. Demirəm ki, futbol, ümumiyyətlə, olmasın. Olsun, amma özü özünü dolandırsın. Bütün dünyada olduğu kimi. Sizi inandırım ki, futbolda maliyyə azalsa, bu sahəyə pula görə gələnlər gedəcək, futbol təsərrüfatında ancaq peşəkarlar qalacaq, durum da indikindən yaxşı olacaq”.

Əli Mİrəliyev, müğənni

Əli Mirəliyev (müğənni): “Azərbaycanda futbol olub. Anatoli Banişevski, Eduard Markarov, Valeri Hacıyev, Kazbek Tuayev kimi oyunçuların çıxışlarını canlı görmüşəm, onlarla münasibətim də olub. Futbolu Fuad Musayev pis günə qoydu. O, futbolçuları məhv elədi. 80-ci illərdə yaxşı oyunçular var idi. Amma onlara heç bir şərait yaradılmadı, əksinə, sıxırdılar. Rüşvət baş alıb getmişdi. Elə indi də vəziyyət ürəkaçan deyil ki, futbol inkişaf etmir. Heyəti baş məşqçi qurmalıdır, AFFA-dakılar yox. Futbolun başının üstündə ağalıq edirlər, heyəti özləri qururlar. Elə buna görə də yaxın 10-15 ildə Azərbaycanda futbol olmayacaq. Mən də o vaxta qədər ölüb gedəcəyəm, Azərbaycanda futbol görməyəcəyəm. Nə qədər ki bu sistem dəyişməyəcək, heç nə dəyişməyəcək. Messi, Maradona kimi dünya ulduzları heyətə düşmək üçün nə qədər əziyyət çəkiblər. Ancaq bizdə futbolçunun bacarığına yox, başqa amillərə baxırlar. Futbol rayonlardan, kəndlərdən başlayır. Çempionatımızda 8 komandanın çoxu Bakıda olur. Bakılıdan da futbolçu çıxar? Rayonlarda akademiyalar açmaq, seleksiya işləri aparmaq və istedadlılarını ora cəlb etmək lazımdır. Bizim futbolçular 20 dəqiqədən sonra yorulurlar, komandamız “yatır”. Çünki uşaqlıqdan onlara heç fiziki hazırlıq düzgün keçilmir. Uşaq futboluna diqqət ayrılmasa, mümkün deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2574
avatar

Oxşar yazılar