İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo məşqçilik karyerasında mövsümün ən pis startını şərh edib.
“Bu, karyeramın ən pis başlanğıcıdır, bəli. Amma eyni zamanda, görünür, “Roma” tarixdə ilk dəfə ardıcıl iki avrokubok finalında çıxış edib.
Ağlamağa vaxtımız yoxdur. İçimizdə ağlaya bilərik, çünki bütün bunlar ürəyimizi ağrıdır, xüsusən də mənim “Roma” azarkeşləri ilə əlaqəmi nəzərə alsaq. Amma sabah işə qayıdacayıq. Növbəti oyun da yeddi və ya səkkiz deyil, üç xal gətirə bilər, amma bu, bizim üçün çox vacibdir”, - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Mourinyo deyib.
Xatırladaq ki, romalılar son oyunda səfərdə “Genoa”ya dağıdıcı hesabla uduzmuşdular (1:4). Altı turdan sonra komanda beş xalla A Seriyasının turnir cədvəlində 16-cı yerdədir.
2022-ci ildə Mourinyo Konfrans Liqasında "Roma"nı qələbəyə aparıb, 2023-cü ildə isə "qurdlar" İspaniyanın "Sevilya"sına məğlub olduqları Avropa Liqasının finalına yüksəlib.