Azərbaycan milli komandasının güləşçisi Nurməhəmməd Hacıyev qətldə ittiham olunur.
Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Dağıstan Daxili İşlər Nazirliyinin rəsmi instaqram səhifəsi açıqlayıb.
24 yaşlı sərbəst üsulla güləşən təmsilçimiz “Daqavtodor” və “Kaspi” Yollar İdarəsinin sabiq rəhbəri Məhəmmədrəsul Ömərovun qohumu Abdulbasir Ömərovun ölümündə təqsirləndirilir. Məlumatda bildirilir ki, Hacıyev axtarışa verilən üç şəxsdən biridir: “Aparılan tədbirlər nəticəsində müəyyənləşib ki, bu cinayətin törədilməsi 1995-ci il təvəllüdlü Surakat Asiyatilov, 1994-cü il təvəllüdlü Hüseyn Asiyatilov, 1996-cı il təvəllüdlü Nurməhəmməd Hacıyevlə bağlıdır. Adları çəkilən şəxslərin axtarışı barədə rəsmi qərar iyunun 26-da imzalanıb. Həmin vaxta qədər isə yalnız ilkin informasiya olub”.
97 kiloqram çəki dərəcəsində çıxış edən Nurməhəmməd Hacıyev 2018 və 2019-cu illərdə keçirilən Avropa çempionatlarının bürünc, Minsk-2019 II Avropa Oyunlarının gümüş mükafatçısıdır. O, gənclər və yeniyetmələr arasında müxtəlif turnirlərin qalibi olub.