"Üstün oynasaq da, komanda çox güc sərf etdi".
Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın müdafiəçisi Maksim Medvedev Azərbaycan Premyer Liqasının XX turunda "Keşlə" ilə keçirilən səfər oyunu haqda danışarkən deyib.
Ağdam klubunun 2:0 hesablı qələbə qazandığı görüşdən sonra jurnalistlərin suallarını cavablandıran Medvedev əvvəlcə qarşılaşmanı dəyərləndirib: "Süni örtüklü meydanda oynamaq bizim üçün həmişə problem olub. Çünki belə yerdə iki dəfə çox güc sərf etməli olursan. Ancaq yenə də vuruşduq, hücumlar qurduq, nəticədə iki qol vurduq. Qalib gəlməyi çox istəyirdik və arzumuza çatdıq. Yolumuza davam etməyi düşünürük".
- Sona 8 tur qalmış “Neftçi”dən 8 xal öndəsiniz. Komandada çempionluq ab-havası hiss olunurmu?
- Qətiyyən! Biz hər oyuna fərqli sistemdə hazırlaşırıq, fərqli məşqlər olur. Xal fərqinin çoxluğuna fikir vermirik. Yalnız özümüzü fikirləşməliyik. Hər şey öz əlimizdədir.
- İkinci hissədə müdafiənin sol cinahına keçməyiniz nə ilə bağlı idi?
- Bunu baş məşqçidən soruşsanız, daha yaxşı olar. Son oyunların axırıncı dəqiqələrində cinahımı dəyişirəm. Ola bilsin ki, baş məşqçi dəyişiklik etmək istəyində olur.
- Sol cinahda özünüzü necə hiss edirsiniz?
- Sola keçəndə məndən irəli getməyi tələb etmirlər. Orada oynayanda arxada daha çox üç müdafiəçi kimi qalırıq. Oyunlarda belə sistem dəyişiklikləri olur.
- Milli komandanın yeni baş məşqçisi məsələsi hələ də açıq qalıb. Bir çox mütəxəssisin adı hallanır. Siz əcnəbi, yoxsa yerli məşqçinin tərəfdarısınız?
- Bu mövzuda danışmağım düz olmaz. Futbolçuyam, işim meydana işimi görməkdir. Sabah əcnəbi də gəlsə, yerli də gəlsə, ona hörmətlə yanaşıb, məşqlərə, oyunlara çıxacağıq.
- Rəşad Sadıqovun da adı milli ilə birgə hallanır. Onun yığmanı çalışdıracağı sizə inandırıcı gəlir?
- Rəşad hələ futbolçudur, komanda yoldaşımdır. Onunla münasibətim yaxşıdır. Nəsə demək istəmirəm. Çox şey danışırlar. Ancaq sadəcə danışılır. Real bir şey olsa, danışmaq olar.
- Millətlər Liqasında Kipr, Lüksemburq və Monteneqro ilə bir qrupa düşmüsünüz. Rəqiblər barədə nə deyə bilərsiniz?
- Yaxşı rəqiblər düşdü. Bizi çətin oyunlar gözləyir. Biri deyir ki, zəif qrupdur, digəri ötən turnirdəki qrupdan güclü olduğunu bildirir. İndi yalnız danışmaq olar. Kimin hansı gücdə olduğunu qarşılaşandan sonra demək olar.