Bu ölkələr Bakıdakı Avropa çempionatında iştirak etməyə bilər  - SƏBƏB
11 mart 2020 14:52 (UTC +04:00)

Bu ölkələr Bakıdakı Avropa çempionatında iştirak etməyə bilər - SƏBƏB

Karate üzrə İtaliya yığması martın 25-29-da Bakıda təşkil ediləcək böyüklər arasında Avropa çempionatında iştirak etməyə bilər.

Bu barədə apasport.az saytına Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov məlumat verib.

O bildirib ki, koronavirus epidemiyası ilə əlaqədar olaraq İtaliyada karantin elan olunması və başqa ölkələrə uçuşların dayandırılması yerli komandanın Azərbaycana gəlişinə mane ola bilər: “İtaliya yığması Bakıya gəlmək istəyir. Ancaq onların yol problemi var. Ora təyyarələr getmir. Türk Hava Yollarına bilet almışdılar. Ancaq hazırda Türkiyə ilə gəliş-gedişi dayandırıblar. Əgər ayrı yol tapsalar, gələcəklər. Yəni İtaliya Karate Federasiyası “gəlmirik” demir. Sadəcə, gəlmək üçün alternativ yol axtarırlar”.

Onun sözləri görə, əgər İtaliya komandası son anda özünü Avropa çempionatına çatdırsa, digər yığmalar kimi eyni yoxlanışdan keçəcəklər. 

Federasiya prezidenti onu da əlavə edib ki, qitə birinciliyi üçün qonaq qismində İrandan dəvət edilən nümayəndə heyəti eyni səbəbdən gələ bilməyəcək: “İran Karate Federasiyasının prezidenti qonaq şəklində gəlməli idi. Həmçinin Hakimlər Kollegiyasından da bir nəfərin gəlişi nəzərdə tutulurdu. Ancaq onların ölkəmizə səfəri baş tutmayacaq. Çünki karantin vəziyyəti olduğundan, hazırda İrandan çıxış çətindir”.

Qeyd edək ki, Avropa çempionatında 40-a yaxın komandanın iştirakı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4141
avatar

Oxşar yazılar