Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümü start götürür.
Apasport.az saytının məlumatına görə, 165 günlük fasilədən sonra sabah klublar yenidən mübarizəyə başlayır.
Sayca 29-cu olan çempionatın komanda sayında və reqlamentində hər hansı bir dəyişiklik yoxdur. 8 komandalı Premyer Liqa 4 dövrədən ibarət olacaq.
Üç günü əhatə edən ilk turun 4 matçından 2-si paytaxtdan kənarda baş tutacaq. Turun, eləcə də mövsümün açılış oyunu Sumqayıtda keçiriləcək. Avropa Liqasında Azərbaycanı təmsil edəcək “Sumqayıt”la “Keşlə” avrokubok görüşü öncəsi bir-birilərini sınağa çəkəcəklər. Yay fasiləsində heyətində ciddi dəyişikliklərə əl atan komandaların avrokuboka hazır olub-olmadığı məhz bu matçda müəyyənləşəcək. “Keşlə” meydana yeni baş məşqçinin rəhbərliyi altında çıxacaq. Paytaxt klubunda debüt edəcək Yunis Hüseynov uzun fasilədən sonra elita oyununda texniki zonada olacaq.
Günün digər qarşılaşmasında “Neftçi” “Səbail”i qəbul edəcək. Bir həftə sonra Avropa Liqasında mübarizəyə qoşulacaq “ağ-qaralar” sabahkı oyunun aşkar favoritidir. Çünki əksər aparıcı oyunçusu ilə vidalaşan “Səbail” əsasən gənclərin ümidinə qalıb. Doğrudur, “Neftçi”də də müəyyən dəyişikliklər olub. Füzuli Məmmədovun kollektivi avrokubok matçına yüksək əhval-ruhiyyədə hazırlaşmaq üçün “Səbail”i məğlub etməyə çalışacaq.
Turun mərkəzi oyunu avqustun 22-də keçiriləcək. Son çempion “Qarabağ” yeni mövsümdə qızıl medallar uğrunda əsas rəqiblərindən sayılan “Sabah”la üz-üzə gələcək. Yay fasiləsində bir az da güclənən bakılılar yeni baş məşqçi Visente Qomesə debüt hədiyyəsi etmək niyyətindədir. Ancaq Çempionlar Liqasında artıq bir oyun keçirən ağdamlılar da mövsümə 3 xalla başlamaq istəyirlər. 2018-ci ildən elitada çıxış edən və indiyə qədər “Qarabağ”la oyunların heç birində qələbə qazana bilməyən “Sabah” bu tilsimi qırmağı hədəfləyir.
Tura Qəbələdə son qoyulacaq. Mövsümlərarası fasilədə köklü islahatlar edən “Zirə” səfərdə “Qəbələ”ni üstələməyə çalışacaq. Bakılıların sükanı arxasına keçən Rəşad Sadıqov klub baş məşqçisi kimi karyerasında ilk rəsmi matçına çıxacaq. Ancaq qəsəbə təmsilçisinin işi asan olmayacaq. Çünki “Qəbələ” Premyer Liqanın son 6 görüşündə rəqibinə uduzmayıb. Elmar Baxşıyevin yetirmələri millinin sabiq kapitanının siftəsini korlamaq niyyətindədir.
Premyer Liqa
I tur
21 avqust
18:30. “Sumqayıt” – “Keşlə”
“Kapital Bank Arena”
20:30. “Neftçi” – “Səbail”
“Bakcell Arena”
22 avqust
20:00. “Qarabağ” – “Sabah”
“Azersun Arena”
23 avqust
19:00. “Qəbələ” – “Zirə”
Qəbələ şəhər stadionu