Avrokubokların iki mövsümü paralel keçirilə bilər
25 aprel 2020 19:05 (UTC +04:00)

Avrokubokların iki mövsümü paralel keçirilə bilər

Avropa Peşəkar Futbol Liqalarına (EPFL) üzv olan liqaların nümayəndələrinin növbəti videokonfransı keçirilib.

Apasport.az saytının məlumatına görə, görüşdə Azərbaycan Peşəkar Futbol Liqasının da nümayəndəsi də iştirak edib. 

Tədbirdə əsas müzakirə mövzusu UEFA-nın İcraiyyə Komitəsinin 1 gün öncəki iclasından sonra açıqladığı bəyanat və yerli çempionatların gələcək taleyi olub. Videokonfransa UEFA-nın təşkil etdiyi İşçi Qruplarda EPFL-i təmsil edən səlahiyyətli nümayəndələr də qatılaraq orada gedən müzakirələr barədə təşkilatın üzvlərinə məlumat veriblər. 

Konfransa sədrlik edən qurumun prezidenti Lars Kristen Olsen üzv liqalara bir daha çağırış edib. O bildirib ki, şərtlər uyğun olduğu halda çempionatları tam şəkildə başa çatdırsınlar. Ölkədəki vəziyyət əlverişli olmadığı halda isə  ən gec mayın 25-dək mövcud və optimal təhlükəni nəzərə alaraq yarışların gələcək taleyi barədə EPFL və UEFA-ya məlumat versinlər. Bu, UEFA İK-nin verdiyi qərara əsasən tələb olunan tarixdir. Belə ki, sözügedən qərara əsasən yüksək liqa yarışları 2 şərtlə erkən tamamlana bilər:

1) Ölkə səviyyəsində idman yarışlarının təşkilini qadağan edən rəsmi qərarlar səbəbi ilə növbəti mövsümün başlamasından öncə normal vaxtda çempionatı başa vurmaq mümkün deyil;
2) Başa çatma tarixini uzadaraq çempionatı tamamlamaq ümumilikdə liqanı, yaxud klubları uzunmüddətli təsirindən çıxa bilməyəcəkləri iqtisadi problemlərlə üz-üzə qoyacaqsa.
Yarımçıq başa çatdırılacaq çempionatlardan UEFA yarışlarında iştirak hüququ qazanacaq komandalar idman dəyərlərinə xas və ayrı-seçkilik, ədalətsizlik olmadan, şəffaf prinsiplər əsasında seçilməlidir, əks təqdirdə qurum həmin klubların qeydiyyatını təsdiqləməmək hüququnu əlində saxlayır.

UEFA nəzdində fəaliyyət göstərən 1-ci İşçi Qrupda yer alan EPFL nümayəndəsinin konfrans iştirakçıları önündə çıxışında hazırda 2 mümkün ssenari üzərində çalışıldığı və çempionatları tamamlamaq üçün tarixin ən gec iyul ayının sonu, yaxud avqust ayının əvvəli nəzərdə tutulduğu bildirilib. Bu ssenarilərdən ən real qəbul olunan ikincisinə əsasən UEFA özünün təşkil etdiyi 2019/20 mövsümünün klub yarışlarını avqust ayı boyunca həm tamamlamaq, həm də növbəti mövsüm üçün təsnifat mərhələsi oyunlarını paralel şəkildə keçirmək niyətindədir. Ancaq bu, hər bir halda son variant deyil və İşçi Qrup may ayının ortasına kimi 55 ölkə ilə məlumat mübadiləsi nəticəsində son təkliflə çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1541
avatar

Oxşar yazılar