Kaspersky FIDE Online Arena oyun platformasının kiber təhlükəsizliyini təmin edəcək.
Lent.az xəbər verir ki, Kaspersky, World Chess (FİDE-nin rəsmi yayım quruluşu) tərəfindən hazırlanmış FIDE Online Arena platformasını kiber təhdidlərdən qoruyacaq. Bu, dünyada milyonlarla şahmatçıya rəsmi onlayn FİDE reytinqini qazanmaq və onlayn usta və ya qrossmeyster titulu qazanmaq imkanı verəcəkdir. Kaspersky mütəxəssisləri mümkün boşluqları müəyyən etmək üçün platformanın təhlükəsizliyini qiymətləndirib və təhlükəsizlik səviyyəsini artırmaq üçün bir sıra tövsiyələr hazırlayıb. Bundan əlavə, Kaspersky, təcavüzkarların fəaliyyətinin vaxtında aşkarlanmasını və trafik süzgəci mexanizmlərinin vaxtında tətbiq edilməsini təmin edən müxtəlif texnikaların köməyilə saytın yüklənməsini analiz edərək, oyun platformasını DDoS hücumlarından qoruyacaq. World Chess üçün bu həllin əhəmiyyətli xüsusiyyəti, hücumların və onları dəf etmək metodlarının peşəkar təsdiqidir ki, bu da saxta müsbət nəticələrin kifayət dərəcədə az nisbətinə nail olmağa imkan verir. Bu o deməkdir ki, qanuni istifadəçilər hücum zamanı da portala daxil ola biləcəklər.
“Bütün böyük idman tədbirləri təxirə salındığından milyonlarla idman həvəskarı onlayn oyunlara keçib. Təcavüzkarlar da bu vəziyyəti diqqətə alıblar. Hakerlər şifrələr və loginləri, oyundaxili məhsullarını oğurlamaq və ya bank hesablarına daxil olmaq üçün müxtəlif növ zərərli proqramlardan istifadə edərək oyun platformalarına hücum edirlər. FIDE Online Arena platformasının istifadəyə verilməsi şahmatın inkişafında böyük bir addımdır və qrossmeyster adını qazanmağa çalışan minlərlə istifadəçini qorumaqdan qürur duyuruq," deyə Kaspersky-nin biznesin inkişafı üzrə direktoru Aleksandr Moiseyev bildirib.
2017-ci ildən bəri Kaspersky, dövri çempionat turnirləri təşkilatçısı World Chess-i, eləcə də onun informasiya təhlükəsizliyi sahəsindəki tərəfdaşlarını dəstəkləyir. Şirkət FİDE, milli şahmat federasiyaları və oyunçular üçün qoruma həlləri təqdim edir, həmçinin onlar üçün kiber təhlükəsizlik təlimləri keçir. 2016-cı ilin sonunda Kaspersky şahmat tarixinin ən gənc qrossmeysteri və vitse dünya çempionu Sergey Karyakinin sponsoru oldu. Bundan əlavə, 2012-ci ildən etibarən şirkət gənc şahmatçılar Andrey Çvetkov və Mixail Antipovun beynəlxalq turnirlərdə iştirakını
dəstəkləyir.
Beynəlxalq Şahmat Federasiyası (Fransızca: Federation Internationale des Echecs, FIDE) 20 iyul 1924-cü ildə Parisdə təsis edilmişdir. 1999-cu ildə FİDE Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Olimpiya proqramına daxil olmayan idman növünə rəhbərlik edən beynəlxalq federasiya kimi tanınıb. Hazırda 188 federasiya FİDE-nin üzvüdür. Təşkilat 40-dan çox dünya şahmat çempionatı keçirib. Daha çox məlumatı www.fide.com . saytından əldə edə bilərsiniz.
World Chess by Agon Limited şirkəti rəsmi FİDE tərəfdaşı, WORLD CHESS markasının və bütün dövri çempionat turnirlərini keçirmək üçün kommersiya hüquqlarının sahibidir.
Şirkətin məqsədi şahmatın inkişafı və kommersiyalaşması, həmçinin sponsorlar, media və geniş auditoriya üçün ən intellektual idman növünün cəlbediciliyini artırmaqdır. World Chess by Agon Limited şirkəti kommersiya hüquqlarını 2012-ci ildə əldə edib; 2012-2013-cü illərdə şirkət Qran Pri seriyasını, 2014-cü ildə Soçidə dünya şahmat çempionu titulu uğrunda görüşü, 2015-ci ildə Berlində keçirilən sürətli dünya şahmat çempionatını və 2016-cı ildə Moskvada Challenger Turnirini və Nyu-Yorkda Dünya çempionu titulu uğrunda görüşü uğurla təşkil edib. Dövri çempionat turnirlərinin rəsmi yayımı worldchess.com saytı tərəfindən aparılır.