Bu gün keçiriləcək AFFA-nın İcraiyyə Komitəsinin videokonfransında əsas müzakirə mövzusu Azərbaycan millisinin baş məşqçisi postuna namizədlər olacaq.
Apasport.az saytının məlumatına görə, 3 mütəxəssis - Canni de Byazi, Roy Kin və Arif Əsədov namizəd olsa da, birincinin təyin olunmaq şansı daha çoxdur.
Çünki italiyalı assosiasiyanın bütün tələbləri ilə razılaşıb. De Byazinin ən böyük üstünlüyü Roy Kindən fərqli olaraq, Azərbaycanda yaşamağa razılıq verməsidir. Həmçinin 64 yaşlı məşqçinin maliyyə şərtləri də AFFA üçün sərfəlidir.
Hazırkı durumda ilk seçimin De Byazinin üzərində aparıldığını söyləmək olar. Əgər qurum Millətlər Liqasının 2020/21 mövsümündə yığmanın sükanı arxasında yerli çalışdırıcının olmasına qərar versə, o zaman Arif Əsədov variantı üstünlük təşkil edəcək.
Qeyd edək ki, hazırda Azərbaycan millisi baş məşqçisizdir. Son çalışdırıcı Nikola Yurçeviçlə ötən ilin dekabrında yollar ayrılıb.