Rok havası - REPORTAJ
18 avqust 2011 19:36 (UTC +04:00)

Rok havası - REPORTAJ

Artıq iki gündür buradayam. Dünən bütün günü yollarda oldum. Avqustun 17-də səhər tezdən Bakı – İstanbul – Budapeşt reysi ilə yola çıxmalıydım. Amma özümdən asılı olmayan səbəblərdən uçuş günorta saatlarına təxirə salındı. Macarıstanla Azərbaycan arasındakı 3 saatlıq fərqi nəzərə almasam, Budapeştdən avtobusla kayak və kanoe üzrə dünya çempionatının keçirildiyi Seqed şəhərinə çatarkən demək olar ki, günün sonu idi. Hələ mən çempionata akreditə olmağa və oteldə yerləşməyə sərf olunan vaxtı demirəm. Bir sözlə, uzun yol yorğunluğu...

Amma bu o demək deyil ki, heç bir yol qeydim yoxdur. Səfər zamanı Türk Hava Yollarına məxsus təyyarələrin eniş etdikləri İstanbul və Budapeştə yüksəklikdən tamaşa etmək imkanım oldu. Necə deyərlər, hər ikisinin yeri məlum. Birini dəniz, birini də çay iki yerə bölür. Bir idman yazarı kimi daha çox maraqlandığım stadionları isə yüksəklikdən göz oxşayır. Əsas arenanın yanındakı çəmənlik kimi meydançalardan isə nə qədər desən görə bilərsən. Bunlar İstanbulda və Budapeştdə qaldı. Budapeştdən 150 km cənubda Rumıniya və Serbiya ilə həmsərhəd ərazidə yerləşən Seqed şəhərində isə belə böyük stadion yoxdur. Əvəzində kayak və kanoe üzrə 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı təşkil etmək üçün bütün imkanlara malik olimpiya mərkəzi var. Burada demək olar ki, hər il ya dünya çempionatı, ya Avropa çempionatı, ya da Dünya Kubokunun mərhələ yarışlarından biri keçirilir. Təqribən 150 min əhalisi olan şəhərin kənarında yerləşir. Xüsusi ayrılmış avtobuslar çempionata qatılan 94 ölkənin nümayəndələrini otellərdən yarış məkanına aparıb-gətirir. Yarış məkanında hər şey yüksək səviyyədə təşkil olunub. Gözəl baza, yeməkxana, qayıqların saxlanılması üçün çadırlar, mətbuat zalları, tamaşaçılar üçün xidmətlər, könüllülər (volontyorlar), nizam-intizam və s. Amma şəhərin küçələrində London olimpiadasına lisenziya xarakterli dünya çempionatı kimi böyük idman yarışının keçirilməsinə dair heç bir elan yoxdur. Dünya çempionatının başlandığı günün axşamı “Barselona” ilə “Real Madrid” arasında İspaniya Superkuboku uğrunda cavab görüşü də keçirilirdi. İnsanlar kafelərdə oturub pivə içə-içə oyuna həvəslə tamaşa edirdilər.

Məlum olduğu kimi, müxtəlif ölkələrdə Macarıstanın müxtəlif adları var. İngiliscə Hungary adlanan bu ölkə türkdilli hun tayfalarının adını daşıyır. Amma macar dili nəinki türk dilinə, ümumiyyətlə, heç bir dilə yaxın deyil. Amma yaxşı ki, yerli əhali az-çox ingiliscə və almanca danışmağı bacarır. Yoxsa, burada hansısa zəruri məsələyə cavab tapmaqda çətinliklə üzləşərsən. Amma buranın insanları da sadə və ünsiyyətcildirlər. Şəhərdə şütüyən ortabab qiymətə malik avtomobillərdən başqa sakinlər velosipeddən də geniş yararlanır. Burada velosipedlə hər hansı iş dalınca yollanan insanlara çox yerdə rast gəlmək olar.

Seqed təmiz və səliqəli olsa da, o qədər də varlı şəhər deyil. Baxmayaraq ki, Macarıstanın 4-cü ən böyük şəhəri sayılır. Yollarının vəziyyəti ürəkaçan deyil, əksər otellərini cəlbedici saymaq olmaz, göydələnləri və ya yeni tikililəri yoxdur. Bakıdan fərqli olaraq burada çox da isti deyil. Temperatur 25 dərəcə civarındadır.

Yarışın özünə gəldikdə, burada Azərbaycanı 5 kanoeçi və 3 kayakçı təmsil edir. Onların medalla yanaşı, London olimpiadasına maksimum 6 lisenziya qazanmaq imkanı var. Bunun üçün isə ən azı finala yüksəlmək lazımdır. Dünya çempionatının maraqlı loqosu var: rokçu oğlan və qız. Onlar kayak avarını əllərində gitara şəklində tutaraq sanki hansısa mahnını ifa edirlər. Bu yarışın kimlər üçün rok havasında keçəcəyini isə zaman göstərəcək...

Elşən MƏMMƏDOV
# 914

Oxşar yazılar

PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57
Ronaldo “Kruzeyro” klubunu  satdı

Ronaldo “Kruzeyro” klubunu satdı

30 aprel 2024 , 19:28