Əli İsmayılov peşəkar boksçu karyerasını başa vurur - EKSKLÜZİV
06 avqust 2011 13:29 (UTC +04:00)

Əli İsmayılov peşəkar boksçu karyerasını başa vurur - EKSKLÜZİV

Azərbaycanın peşəkar boksçusu Əli İsmayılov rusiyalı promouteri Aleksandr Yakubovla əməkdaşlığı dayandırmağı qərara alıb.

Bu haqda Lent.az-a 37 yaşlı idmançımızın özü məlumat verib. İsmayılovun sözlərinə görə, son zamanlar Yakubovla aralarında soyuqluq yaranıb. Münasibətlərdəki gərginlik 2009-cu ilin dekabrında rusiyalı Denis Lebedevlə “WBO Intercontinental” kəməri uğrunda keçirilmiş döyüşdən sonra başlayıb. Həmin görüşün ilk raundlarında boksçumuz üstün döyüş sərgiləsə də, 6-cı raundda qaşının partlaması üzündən texniki nokautla uduzub. Sonradan idmançımız revanş döyüşünün təşkilini istəyib. Lakin Yakubov buna maraq göstərməyib. İsmayılovun fikrincə, bu, Lebedevlə promouterin həmyerli olması üzündən də ola bilər.


Digər tərəfdən, Yakubov sonrakı döyüşlər öncəsi boksçumuz üçün sınaqçı-rəqib tapmağa və təlim-məşq toplantılarının təşkilinə kömək etməyib. İsmayılov çıxış yolunu Azərbaycan milli komandasının üzvləri ilə birgə hazırlıqda görüb. Lakin bu, yığmamızın ayrıca hazırlıq planının olması üzündən heç də hər zaman effekt verməyib. Peşəkar boksçumuzun fikrincə, son döyüşlərdə nokautla məğlubiyyəti də lazımi səviyyədə toplanış keçə bilməməsi üzündəndir.


Bütün bunlardan sonra İsmayılov Yakubovla dekabrda başa çatacaq müqaviləsini vaxtından əvvəl pozmaq fikrinə düşüb. O, yekun qərarını sentyabrda rusiyalı promouterlə danışıqlardan sonra verəcək: “Hələlik dincəlirəm. Sentyabrın ortalarında Yakubovla əlaqə saxlayacağam. Planları məni qane etməsə, onunla vidalaşacağam. Artıq indidən deyə bilərəm ki, əməkdaşlığı pozma ehtimalım çox yüksəkdir”.


Artıq “Bürünc Əli” üçün iki iş variantı yaranıb. Ona ukraynalı promouterlərin birindən boksçu kimi karyerasını davam etdirmək və Ümumdünya Boks Seriyasında yarışan Azərbaycanın “Baku Fires” klubundan məşqçilik təklifləri gəlib: “Mən “Baku Fires”in təklifinə sentyabrda konkret cavab verəcəyimi dedim. Bu da Yakubovla əməkdaşlığımı dayandırmağımdan sonra baş tutacaq. “Baku Fires”də məşqçi kimi fəaliyyətə başlayası olsam, peşəkar boksçu karyeramı başa vuracağam. Əks halda, ukraynalı promouterlə danışıqlara başlayacağam”.


Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1494

Oxşar yazılar