4 boksçumuz yarımfinalda
01 iyul 2011 17:49 (UTC +04:00)

4 boksçumuz yarımfinalda

Macarıstanın Kestxey şəhərində yeniyetmələr arasında keçirilən Avropa birinciliyində Azərbaycan milli komandasının 4 üzvü yarımfinala vəsiqəni təmin edib. Lent.az-ın məlumatına görə, 46 kq çəki dərəcəsində mübarizə aparan Araz Gülməmmədov 1/4 finalda Rumıniya boksçusu Georgian Tudor üzərində qələbə qazanıb – 13:6.

Həmyerlimiz yarımfinalda ukraynalı Svyatoslav Demkinlə üz-üzə gələcək.

Orxan Əliyev də (50 kq) komanda yoldaşının uğurunu davam etdirib. O, Ukrayna nümayəndəsi Vladislav Kutepovu 15:9 hesabı ilə məğlubiyyətə uğradıb. Əliyev finala gedən yolda rusiyalı Yusup Qazzayevlə döyüşəcək.

Nəsrəddin Məmmədov (52 kq) 1/4 finalda Gürcüstan boksçusu Aleko Lursamanaşvili üzərində parlaq qələbə qazanıb. Artıq 2-ci raundda rəqibini nokauta salan Məmmədov yarımfinala yüksəlib. Milli komandamızın üzvü finala vəsiqə qazanmaq üçün rusiyalı Danil Şamsutddinovu məğlub etməlidir.

Nurlan Nağıyev də (57 kq) adını yarımfinalçılar sırasına yazdırıb. Boksçumuz 1/4 finalda İsrail təmsilçisi Tal Ahronov üzərində qələbə qazanıb – 16:10. Nağıyevin növbəti rəqibi ukraynalı Arsen Ablayev olacaq.

60 kq-da mübarizə aparan Telman Qafarlı 1/4 finalda Rusiya idmançısı Tamerlan Batdiyevə uduzaraq, yarışdan kənarda qalıb. Digər boksçularımız – Əli Həsənov (63 kq), Nəbi Bağırov (66 kq), Rahil Məmmədli (80 kq) və Məhəmmədəli Tahirov 1/4 final mərhələsinin döyüşlərini bu gün keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 496

Oxşar yazılar