Vaqif Cavadov rəsmən Rusiya Premyer Liqasında
30 iyun 2011 13:54 (UTC +04:00)

Vaqif Cavadov rəsmən Rusiya Premyer Liqasında

Lent.az-ın məlumatına görə, 22 yaşlı hücumçu Rusiya Premyer Liqasında çıxış edən “Volqa” klubu ilə müqavilə bağlayıb.

Bu barədə Nijni-Novqorod klubunun rəsmi saytı xəbər verib. “Volqa”nın prezidenti Aleksey Qoyxman Cavadovu çox perspektivli futbolçu adlandırıb. Onun fikrincə, gənc hücumçunun “Tvente”dəki karyerası zədə üzündən alınmayıb: “Stiv Maklaren kimi mütəxəssis futbolçunu gözəl gözlərinə görə dəvət etmir. Cavadov “Tvente”yə “Qarabağ”dan keçib. Ağdam klubunda o, azarkeşlərin sevimlisi olub. Hesab edirik ki, Rusiya Premyer Liqasında çıxış edən kluba keçidi Vaqif Cavadovun karyerasında inamlı addım atmasına kömək edəcək. Onun rəqib qapısına köklənməsi, kifayət qədər uca boyu ilə ayaqla oyunu, beynəlxalq təcrübəsi, psixoloji sabitliyi məşqçilərimizin və seleksiyaçılarımızın diqqətini cəlb edib. Bütün bunlara o, gənc yaşında və hələ açılmayan potensialı ilə nail olub. Bu oğlan ciddi iş üçün həqiqətən də “acıb”. Bu, “Volqa”ya lazım olan hücumçudur. Ümidvaram ki, Cavadov Otar Martsvaladze kimi özünü Rusiya çempionatında tezliklə təsdiqləyəcək”.

Qeyd edək ki, Rusiya vətəndaşlığı da olduğundan, Vaqif Cavadov “Volqa”da legioner kimi oynamayacaq. Moskva MOİK-inin yetirməsi olan Cavadov ötən mövsüm icarə əsasında “Bakı”da çıxış edib. O, 2006-cı ildən çıxış etdiyi Azərbaycan millisində 37 oyuna 6 qol vurub. Cavadovun məyus etdiyi komandalar arasında Rusiya, Almaniya və Çexiya yığmaları da var. O, “Qarabağ”ın heyətində 2009-2010-cu il mövsümündə Avropa Liqasında da çıxış edib. Rusiya Premyer Liqasında bu mövsümdən çıxış etməyə başlayan “Volqa” isə 16 turdan sonra 16 komanda arasında 12-ci pillədə qərarlaşıb. Komandanın ehtiyatda lider MOİK-lə oyunu var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar