“Lənkəran şəhər stadionunda problemlər var” – MÜSAHİBƏ
07 fevral 2011 12:28 (UTC +04:00)

“Lənkəran şəhər stadionunda problemlər var” – MÜSAHİBƏ

“Xəzər Lənkəran” futbol klubu öz meydançasını təkmilləşdirməyi planlaşdırır. Lent.az-ın məlumatına görə, bununla əlaqədar klub meydanda aparılacaq yenidənqurma işlərinin dəyərləndirilməsi üçün bu sahədə Azərbaycanda yaxşı tanınan bolqarıstanlı mütəxəssis Borislav Kolev işə cəlb edilib.

Kolev idman meydançaların tikilməsində ixtisaslaşan “Bayk Plus Ltd” şirkətinin başçısıdır. Bu şirkət idman quruculuğunda 1995-ci ildən fəaliyyət göstərir. Azərbaycanda adı çəkilən şirkəti 2002-ci ildən tanıyırlar. Çünki məhz həmin il “Bayk Plus Ltd” Tofiq Bəhramov adına Respublika stadionunu tam şəkildə yenidən qurub.

Lent.az Borislav Kolevlə müsahibəni təqdim edir:

- Azərbaycana səfərinizin məqsədi nədir?

- Mən “Xəzər Lənkəran” rəhbərliyi tərəfindən bu klubun mərkəzi və yardımçı meydançalarının vəziyyəti ilə tanış olmaq üçün dəvət olunmuşam. Tanış olub gördüyümü təhlil edəndən sonra mövcud olan problemlərin çözülməsi və vəziyyətin yaxşılaşdırılması üzrə təkliflərimi təqdim edəcəyəm.

- Gördüklərinizdən ilk təəssüratınız necə oldu?

- Burada yaradılan baza mənim çox xoşuma gəldi. Məncə, bu, yüksək nailiyyətlər əldə etmək istiqamətində istənilən klubun atmalı olduğu ilk addımlardan biridir. Ancaq bununla birgə vəziyyətin daha da yaxşılaşdırılması üçün həmişə əlavə tədbirlər görməyə də imkan var. Yəni, təkmilləşdirmə fasiləsiz bir prosesdir, onun sonu olmur. Ancaq “Xəzər Lənkəran”ın yaratdığı bünövrə çox yaxşıdır.

- Siz idman meydançaların tikilməsi üzrə bir mütəxəssis kimi Lənkəran şəhər stadionunun vəziyyəti ilə tanış oldunuz. Hər hansı problem üzə çıxdımı? Problem varsa, nə qədər ciddidir?

- Bəli, problemlər var. Onların arasında asan həll olunanlar da var, bir qədər çox zəhmət tələb edənlər də. Mən gördüklərimi təhlil edib təkliflərimi sizin klub rəhbərliyinə təqdim edəcəyəm. Ümumilikdə bildirməliyəm ki, problemlər meydançaların hamısında mövcuddur. Təbii meydança bərbad olduğu halda, yaxud orada yenidənqurma işləri aparıldığı vaxtda vəziyyəti sintetik meydança xilas edə bilər. Təbii meydança isə bir canlı orqanizmdir, insanı xatırladır. Yəni, əgər sən bu gün sağlamsansa sabah xəstələnə bilərsən, sonra isə müalicə olunub yenidən sağala da bilərsən, ölə də bilərsən. Odur ki, bunlar normal və həll olunan məsələlərdir. Əsas odur ki, yaranmış vəziyyətdə günahkar axtarmayaq, gələcəyə baxıb bu vəziyyətdən çıxış yollarını tapmaq lazımdır. Ən yaxşısı isə imkan daxilində qabaqlayıcı tədbirlər görüb problemlərin yaranma ehtimalını minimuma endirməkdir. Həll olunmayan problem yoxdur, hər bir çətin məsələni həll etmək olar.

- Başqa sözlə desək, Siz hesab edirsiniz ki, “Xəzər Lənkəran”ın əlavə sintetik meydançasının salınması məqsədəuyğun olar?

- Hər klubun çoxlu meydançaları olmalıdır. Məsələn “Real Madrid” klubunun 7 meydançası var, o cümlədən, süni örtüklü. Bunlar təkcə əsas komanda üçün yaradılıb. Bu klubun digər komandaları ayrı meydançalarda məşqlər və oyunlar keçirirlər. Adi klublarda isə tək əsas komandaların ən azı 2 meydançası olmalıdır. Belədə bir meydançanı ay ərzində istifadə etmək olar, digərini isə o biri ay üçün hazırlamaq lazımdır və beləliklə, onlar bir-birini tamamlayacaq. Bir daha təkrar edim ki, söhbət yalnız əsas komandadan gedir. O ki qaldı uşaq və yeniyetmə futboluna, onların hər birisinin öz meydançaları olmalıdır. Sintetik meydançalar mövzusuna qayıdıram. Əgər klubun ikinci təbii meydançanın yaradılmasına imkanı yoxdursa, onda sintetik meydança salına bilər. Təbii meydançalardan fərqli olaraq sintetik meydança daha çox işlənə bilir. Onları sutkada 24 saat istismar etmək olur. Həm də belə meydançaların saxlanılmasına çox az vəsait tələb olunur. O ki qaldı onların keyfiyyətinə, onu deyə bilərəm ki, bu gün elə sintetik meydançalar mövcuddur ki, onlar 95% təbii meydançaya bənzəyirlər. Bundan başqa Azərbaycanda Avropanın hər yerində olduğu kimi, qış fəsli problemi var ki, bu zaman hava şəraiti pis olur, qazon da bitmir. Bu halda süni meydança əvəzedilməzdir, təbii meydança isə həmin ərəfədə dincəlir, özünə gəlir. Ona görə mən hesab edirəm ki, istənilən komanda ən azı bir sintetik meydançaya malik olmalıdır.

- “Xəzər Lənkəran” stadionundakı problemləri aradan qaldırmaq üçün nə qədər vaxt tələb olunur?

- Bu işi 3 mərhələyə bölmək olar. Birinci mərhələ sağlam qazonun bərpası və ot köklərinin artırılmasından ibarətdir. Bunu bir aya etmək olar. Sonra 40-60 günə suyun meydan üzərində qalması və süzülməməsi problemini aradan qaldırmaq mümkündür. Üçüncü mərhələ isə qazonun yay fəslində gün altında yanması probleminin həllidir. Bunun üçün meydançadakı otun istiyə dözümlülüyünü artırmaq üçün bir üsul fikirləşmək gərəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar

“Real”da ciddi itki

“Real”da ciddi itki

3 sentyabr 2024 , 11:06
Devid Bekhemin oğlu futbolla vidalaşdı

Devid Bekhemin oğlu futbolla vidalaşdı

3 sentyabr 2024 , 10:27
Güləşçimiz dünya çempionatında finala çıxır

Güləşçimiz dünya çempionatında finala çıxır

3 sentyabr 2024 , 09:48
“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

“Qalatasaray” “Napoli” ilə anlaşdı: Osimhen İstanbula gəlir

3 sentyabr 2024 , 07:29
"Qalatasaray"ın keçmiş oyunçusu  “Əl-Nəsr”dən getdi

"Qalatasaray"ın keçmiş oyunçusu “Əl-Nəsr”dən getdi

2 sentyabr 2024 , 18:06
Tomas Müller tarix yazıb

Tomas Müller tarix yazıb

2 sentyabr 2024 , 13:03
Mbappe  “Real”a qələbə qazandırdı

Mbappe “Real”a qələbə qazandırdı

2 sentyabr 2024 , 10:27
"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

"Fənərbaxça"nın bu oyunçusu üçün 10 milyon istədi

1 sentyabr 2024 , 18:20