“Sona qədər vuruşacaq və “Borussiya”ya təslim olmayacağıq”
18 avqust 2010 10:45 (UTC +04:00)

“Sona qədər vuruşacaq və “Borussiya”ya təslim olmayacağıq”

Futbol üzrə Avropa Liqasının “pley-off” mərhələsi çərçivəsində avqustun 19-da Almaniyanın “Borussiya” klubu ilə “Qarabağ” arasında keçiriləcək ilk oyun öncəsi mətbuat konfransı təşkil olunub.


Lent.az-ın məlumatına görə, “Signal İduna Park” stadionunda baş tutan tədbirdə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Borussiya”nın tarixini yaxşı bildiklərini və onun uğurlarından xəbərdar olduqlarını açıqlayıb.


O, rəqibin çox güclü azarkeş dəstəyinə malik olduğunu, gənc və mobil komanda olduğunu vurğulayıb. Qurbanov həmkarı Yurgen Kloppun yetirmələrinin hücum etməyi çox sevdiyini, çoxsaylı azarkeş kontingentinin “Borussiya”ya böyük güc verdiyini söyləyib.

“Qarabağ”ın baş məşqçisi görüşün maraqlı keçəcəyinə inandığını bildirib. O, “Borussiya”nın sürətli futboluna uyğun olaraq, “Qarabağ”ın sona qədər vuruşacağını və təslim olmayacağını söyləyib. Baş məşqçi dortmundluların çılğın azarkeşlərindən çəkinmədiklərini əlavə edib. “Qarabağ”da Azərbaycan millisinin çoxlu sayda futbolçusunun olduğunu deyən Qurbanov tribunaları dolan meydançada oynamağın onlar üçün də zövqlu olacağını ifadə edib.

Qeyd edək ki, “Borussiya” – “Qarabağ” matçı yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə saat 00:05-də) başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766

Oxşar yazılar