Tuyqun Nadirov: “Onların yazdıqlarının 80 faizi reallıqdan uzaqdır” – MÜSAHİBƏ
16 avqust 2010 10:30 (UTC +04:00)

Tuyqun Nadirov: “Onların yazdıqlarının 80 faizi reallıqdan uzaqdır” – MÜSAHİBƏ

“Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti Tuyqun Nadirovun Lent.az-a müsahibəsi


- “Xəzər Lənkəran” bu mövsüm Unibank Premyer Liqasının ilk 2 turunda “Qəbələ” və “Simurq”a qarşı keçirdiyi oyunları qələbə ilə başa vurub. Bu nəticələrə əsasən, klubunuzun öz oyununu tapdığını və heyətin tam komplektləşdiyini demək olar?


- Xeyr, tam demək olmaz. Çempionatda daha vacib, daha ağır oyunlarımız hələ qabaqdadır. Lakin sevindirici haldır ki, bu yay görülən işlər hədər getməyib, artıq öz bəhrəsini verməkdədir. Yeni baş məşqçimiz Mirça Rednikin uğurları, yeni transferlərimizin layiqli çıxışı göz qabağındadır. Hətta yeni hücumçumuz Dieqo Ruis “Simurq”la son oyunumuzda qol da vurdu.


- Hər halda Avropa Liqasındakı çıxışınızla müqayisədə irəliləyiş nəzərə çarpır...

- Bəli, bu, aydın məsələdir. Komandamız balanslı oyun sərgiləyir, heyət oturuşur. Amma ola bilər ki, baş məşqçimizin istəyinə uyğun olaraq, yay transfer pəncərəsi bağlananadək daha bir oyunçu alaq.


- Kostarikalı Uinston Parksı nəzərdə tutursunuz?

- Bəli. Hazırda onunla danışıqlar gedir.


- Amma Rednik “Simurq”la oyun sonrası mətbuat konfransında Parksla avqustun 16-da müqavilə bağlanacağını açıqlayıb...

- Müqavilə bu gün də bağlana bilər, sabah da. Hazırda isə danışıqlar gedir.


- Həmin futbolçu artıq Bakıdadır?

- Bəli.


- Yeni baş məşqçi gətirmək haqda qərarı Avropa Liqasının I təsnifat mərhələsinə hazırlıq zamanı vermək olmazdı?

- Mən bu məsələyə qayıtmaq istəməzdim. Köhnə məşqçi, yeni məşqçi... Hər halda bu məsələyə klubumuzun prezidenti qərar verir.


- Axı əvvəlki baş məşqçiniz Ağasəlim Mircavadovun özü də etiraf edib ki, Azərbaycan Kubokunun final matçından sonra istefa ərizəsi yazsa da, qəbul olunmayıb...

- Bəli, elədir. Amma həmin vaxt belə qərar verildi ki, Ağasəlim müəllimə yeni mövsümə hazırlıq üçün tam şərait yaradılsın. Təəssüf ki, komandamız Avropa Liqasında uğursuz çıxış etdi. Bundan sonra da Ağasəlim müəllimin özü istefa ərizəsini yazdı. Onu heç kim istefaya göndərməyib, işdən azad etməyib. Klubumuzun rəhbərliyi də demişdi ki, Ağasəlim Mircavadov istədiyi müddətdə vəzifəsində qalıb, fəaliyyətini davam etdirə bilər.


- Rumıniya mətbuatının yazdıqlarından və gətirilən oyunçuların ustalıq səviyyəsindən də belə anlaşılır ki, yeni transferlərə az pul xərcləməmisiniz...

- Pulun az və ya çox xərclənməsi klubun daxili işidir. Rumıniya mətbuatının yazdıqlarının 80 faizi isə reallıqdan uzaqdır. “Xəzər Lənkəran”a az qala 30-40 futbolçu transfer etmişdilər. Yəni, onların yazdıqlarının 20 faizi həqiqətə uyğundur.


- Elə isə Rednikin Rumıniya mətbuatına bu haqda açıqlamalar verməsinə münasibətiniz necədir?

- Rumıniya mətbuatı onun adından da çox şeylər yazır. Rednik gəlməmişdən öncə onun adından yazmışdılar ki, guya hansısa futbolçunun transferi ilə əlaqədar danışıqlar aparılır. Baş məşqçimizin özü isə belə bir müsahibə vermədiyini bizə bildirdi. Rumıniya mətbuatı hər gün gülünc şeylər yazacaq, biz onların yazdığını müzakirə etməyəcəyik ki... Klubumuzun öz siyasəti, baş məşqçimizin də öz işinə yanaşması var. Vəssalam.


- Qarşıda “İnter”lə vacib oyununuz var...

- Məqsədimiz yenə də gözəl oyun sərgiləyib qələbə qazanmaqdır. İnanıram ki, avqustun 21-də öz meydançamızda keçirəcəyimiz oyuna çoxlu sayda azarkeş gələcək və gözəl oyunun şahidi olacağıq.


- Matçın televiziya ilə yayımlanması gözlənilir?

- Hələ bununla bağlı heç bir şey deyə bilmərəm. Danışıqlar gedir, amma yayım hüququnu tamamilə hansısa telekanala verməyi qərara almamışıq. Klubumuzun istəyi budur ki, vacib oyunlarımızı hökmən göstərməlidirlər.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796

Oxşar yazılar