Əfran İsmayılov futbolla erkən vidalaşa bilər
09 avqust 2010 10:30 (UTC +04:00)

Əfran İsmayılov futbolla erkən vidalaşa bilər

Azərbaycan milli komandasının və Ağdamın “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılov karyerasını erkən başa vura bilər. Bu haqda Lent.az-a 22 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

Onun sözlərinə görə, Unibank Premyer Liqasının ilk turunda “Neftçi” ilə oyun zamanı aldığı zədənin ciddi olduğu müəyyənləşib. İlkin tibbi müdaxilədən sonra İsmayılovun əməliyyat olunmasının vacibliyi üzə çıxıb: “Sağ ayağımın xaçabənzər bağlarının qırıldığı məlum olub. Avqustun 10-da Türkiyənin İstanbul şəhərinə yollanacağam. Orada Ömər Taşa adlı tanınmış həkim tərəfindən əməliyyat olunacağam. Zədəm o dərəcədə ciddidir ki, hətta karyeramı bitirmək təhlükəsi də var. Hər halda əməliyyatdan sonra ən azı 4 ay heç nə etməməliyəm. Zədə aldığımdan bəri mənə o qədər zənglər gəlir ki...”


Aldığı zədədə “Neftçi”nin oyunçularının heç bir günahının olmadığını vurğulayan gənc yarımmüdafiəçi ayağının rəqib müdaxiləsi olmadan qırıldığını açıqlayıb. İsmayılov “Qarabağ”ın Avropa Liqasının “pley-off” mərhələsində Almaniyanın “Borussiya” (Dortmund) komandasına qarşı oynamayacağına təəssüfləndiyini söyləyib. Bununla belə, Avroliqanın bombardiri “Borussiya” ilə görüşlərdə onu layiqincə əvəzləməyə qadir kifayət qədər oyunçunun olduğunu vurğulayıb. İsmayılov bundan sonra komandasının qələbələri üçün dua edəcəyini də diqqətə çatdırıb.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1544

Oxşar yazılar