Qurban Qurbanov: “Qələbə ilə xalqımızı sevindirəcəyik”
04 avqust 2010 11:45 (UTC +04:00)

Qurban Qurbanov: “Qələbə ilə xalqımızı sevindirəcəyik”

“Biz “Visla” ilə ilk oyunda səfərdən 1:0 hesablı qələbə ilə qayıtsaq da, cavab görüşündə arxayınlaşmayacaq, müdafiədə oturmayacağıq. Əksinə, qol vurub, qələbə qazanmaqla Azərbaycan xalqını sevindirməyə çalışacağıq”.



Lent.az-ın məlumatına görə, bu fikirləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Polşanın “Visla” komandası ilə avqustun 5-də baş tutacaq Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü öncəsi mətbuat konfransında deyib.


Qurbanov “Visla” ilə qarşılaşmada şansları bərabər qiymətləndirib. Lakin o, növbəti mərhələyə vəsiqəni təmin etmək üçün qol vurmaq niyyətində olduqlarını bildirib. Cavab matçında “Qarabağ”ın 0:1 hesablı məğlubiyyətinin qeydə alınacağı təqdirdə, penaltilər seriyasına müraciət olunacaq. Gənc mütəxəssis bu barədə düşündüklərini etiraf edib. Lakin o, penalti zərbələrini kimlərin yerinə yetirəcəyini müəyyənləşdirmədiyini söyləyib: “İndidən kiməsə göstəriş vermək fikrimiz yoxdur ki, penalti vurmağa hazırlaşsın. Çünki bu, vuruşlar zamanı onlara mənfi təsir göstərə bilər. Baxmayaraq ki, komandam oyuna psixoloji cəhətdən hazırlıqlıdır”.


Qurbanov növbəti mərhələyə yüksələcəkləri halda, yeni oyunçu almayacaqlarını da vurğulayıb.


Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Visla” matçı saat 21:00-da başlanacaq.
# 378

Oxşar yazılar