“Qarabağ”ın baş direktoru: “Visla” “Tvente”dən güclüdür” – MÜSAHİBƏ
04 avqust 2010 11:30 (UTC +04:00)

“Qarabağ”ın baş direktoru: “Visla” “Tvente”dən güclüdür” – MÜSAHİBƏ

Polşanın “Visla” komandası ilə Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl futbol klubunun rəsmi saytına müsahibə verib.


Lent.az həmin müsahibəni təqdim edir:

- “Artıq “Visla” ilə oyuna çox az vaxt qalıb. “Qarabağ”ın hazırlıqları necə gedir?

- Təbii ki, “Qarabağ” olaraq rəqibi ən yaxşı halda qarşılamağı və qonaqpərvərliyimizə uyğun olaraq yola salmağı planlaşdırırıq. “Visla” Avropada tanınmış, özünəməxsus üsluba malik komandadır. İlk oyun zamanı davranışları ilə peşəkar klub olduqlarını nümayiş etdirdilər. Təbii ki, biz də əhatəli olaraq həm texniki, həm də təşkilati cəhətdən oyuna hazırlaşırıq.


- Belə başa düşdük ki, rəqibi ciddi qiymətləndirirsiniz?

- Əlbəttə. Biz “Visla” ilə matçlara 2 oyunluq deyil, iki 45 dəqiqəlik görüş kimi baxırıq. İlk 45 dəqiqə Krakovda oynanılıb. 2-ci hissə isə Bakıda baş tutacaq. Ona görə də ilk yarıdakı səfər qələbəsi başımızın altına “yastıq” qoymamalıdır. “Visla” son 3 ildə 2 dəfə çempion olub, sonuncu mövsümdə isə “qızıl” medalları son anda əldən qaçırıb. Sizcə, belə komandanı ciddiyə almamaq olarmı?


- Çoxları “Qarabağ”ın səfər qələbəsi qazandığına görə indidən “pley-off” mərhələsini fikirləşir...

- Əgər biz də belə fikirləşsək, o zaman mübarizəni indidən uduzmuş olarıq. Etiraf etməliyəm ki, “Visla” hətta “Tvente”dən də üstün təsir bağışlayır. Oyun komponentlərinə görə “Visla” daim hücum etməyi və uduzmamağı xoşlayır. Təbii ki, biz də “Qarabağ”ımızın gücünə bələdik. “Qarabağ” istənilən komanda ilə başa-baş oynamağa qadirdir. Amma, 90 dəqiqə meydanda sona qədər vuruşmadan, canını meydanda qoymadan nəticə qazanmaq mümkün deyil. “Pley-off” məsələsini düşünmək üçün hələ çox erkəndir. Bir daha qeyd edirəm ki, komandamıza inamımız sonsuzdur. Amma gəlin, cavab matçı istədiyimiz nəticə ilə bitdikdən sonra “pley-off” haqqında düşünək. İndidən növbəti mərhələ haqqında fikirləşmək düzgün deyil. Hələ bizi ilk oyundan da daha çətin mücadilə gözləyir.


- “Qarabağ” – “Visla” görüşündən hansı nəticəni gözləyirsiniz?

- Məni hesab yox, nəticə maraqlandırır. İlk oyundan sonra hər kəs “Qarabağ”ı indidən növbəti mərhələdə görə bilər. Amma gəlin, bir şeyi unutmayaq ki, qarşımızdakı rəqib “Barselona”nı məğlub etmiş komandadır. Mən hətta özümü 120 dəqiqəlik mübarizəyə də kökləmişəm. Azarkeşlər, mediamızdan səbirli olmağı, komandamızı sona qədər dəstəkləməyini arzulayıram. Çünki hələ heç nə bitməyib. Bu oyun “Rusenborq”, “Tvente” ilə oyunlarımızdan daha çətin olacaq.


- “Visla” adını çəkdiyiniz rəqiblərdən güclüdür?

- Məncə, bəli. Bilirsiniz, ilk oyunda biz ora gedərkən polşalıların bizə yuxarıdan aşağı baxdıqlarını sezməmək mümkün deyildi. Əslində bu bizi motivasiya edən ən önəmli amillərdən biri oldu. İnanın ki, oyunun sonunda qələbəyə daha çox məhz buna görə sevinirdik.


- İndi biz onlara yuxarıdan aşağı baxırıq…

- Əgər biz də indi ilk oyundakı nəticəyə görə onlara yuxarıdan boylansaq, polşalıların gününə düşməyəcəyimizə kim zəmanət verə bilər?! Əslində ilk oyunda yaşananların bizim üçün əla nümunə olduğunu düşünürəm.


- Bəs hansı nəticə sizi məmnun edər?

- Təbii ki, “Qarabağ”ın istənilən halda mərhələ adlaması bizim üçün vacibdir. “Qarabağ” artıq 2 ildir sübut edir ki, əbəs yerə Azərbaycanın qüruru sayılmır. Biz bu günlərə alnımızın təri ilə gəlmişik. Yenə də eyni ciddiyyətimizlə yola davam edirik. Artıq, bütün ölkə kimi klubda hər kəs “Visla” ilə cavab oyununa köklənib. Adətən, 2 gün öncə oteldə oyun üçün yığışan komanda bu dəfə 3 gün öncədən eyni addımı atıb. Bunlar hamısı “Visla” ilə oyuna hesablanıb.


- “Visla” ilə oyun üçün xüsusi tədbirlər nəzərdə tutulub?

- Bizə çatan məlumatlara görə, oyunla bağlı böyük ajiotaj var. Bunu bilet tələbindən anlamaq da mümkündür. Səhv etmirəmsə, ölkədə heç bir futbol matçında belə hal müşahidə olunmayıb. Əlbəttə, “Visla” kimi komandanın Bakıya gəlməsi ilk oyunda qeydə alınan nəticə xalqımızı ümidləndirib. İlk öncə stadionun tam dolacağını, tribunaların 90 dəqiqə, lazım gələrsə, daha artıq komandanı sona qədər dəstəkləyəcəyinə inanıram. Oyunla bağlı azarkeşlərimizin “Qarabağ”ı dəstəkləməsi üçün mümkün olan hər bir şeyi etməyə çalışacağıq. İnanıram ki, çəkdiyimiz əziyyətin sonunda “Qarabağ”ımız hər kəsi sevindirəcək.


- Sonda nə demək istərdiniz?

- “Visla” – “Qarabağ” oyunu bəlkə də nəinki “Qarabağ”, eyni zamanda bütün Azərbaycan futbolu üçün ən vacib matç ola bilər. Hər kəsi “Qarabağ”a sonadək dəstək verməyə və yanında olmağa çağırırıq. Qeyd etdiyim kimi, ilk hissə bizim xeyrimizə başa çatıb. İkinci hissəni də qazanmağımız üçün mübarizəmizi eyni ciddiyyətlə axıracan davam etdirməliyik. Bütün azarkeşlərimiz və mediamızdan ilk oyundan da çətin bir oyuna hazır olmalarını istəyirəm.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 741

Oxşar yazılar