Azərbaycanda ən səs-küylü transfer rəsmiləşdi
04 avqust 2010 11:00 (UTC +04:00)

Azərbaycanda ən səs-küylü transfer rəsmiləşdi

“Neftçi” Emil Mpenza ilə müqavilə bağladı


“Neftçi” futbol klubu 2010-2011-ci il mövsümü öncəsi ən səs-küylü transferini rəsmiləşdirib. Lent.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, flaqman Belçika milli komandasının hücumçusu Emil Mpenzanı heyətə qatıb.


Avqustun 4-də klubun bazasında “Neftçi”nin prezidenti Sadıq Sadıqovun iştirakı ilə rəsmi imzalanma mərasimi baş tutub. Tədbirdə çıxış edən Sadıq Sadıqov təcrübəli hücumçuya uğurlar arzulayıb: “Azərbaycanda idmanın bütün növlərinə, o cümlədən futbola dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Ölkəmizdə futbolun inkişafına töhfə vermək üçün “Neftçi” klubu olaraq, bütün səylərimizi səfərbər etmişik. Emil Mpenzanın transferində əsas məqsəd “Neftçi”ni gücləndirmək və çempionluğa gedən yolda uğurla addımlamaqdır. İnanıram ki, Mpenza təcrübəsi, istedadı sayəsində komandamıza böyük kömək edəcək. Ötən mövsüm daha çox hücum xəttində problemimiz var idi. Mpenzanın çoxlu qollar vurmaqla, ümidlərimizi doğruldacağına inanırıq”.


Emil Mpenza isə “Neftçi”nin uğurları üçün çalışacağını bildirib: “Eşitmişəm ki, “Neftçi” Azərbaycanın ən köklü klubudur. Hətta bu komandaya Azərbaycanın “Real Madrid”i deyirlər. Bu, məsuliyyətimi daha da artırır. Belə klubda oynamaq mənim üçün böyük şərəfdir. Qarşıdakı mövsümdə var qüvvəmlə çalışıb, “Neftçi”nin möhtəşəm uğurlar qazanmasına yardım edəcəyəm”.


Daha sonra Sadıq Sadıqov Mpenzaya 10 nömrəli futbolkanı təqdim edib.


Qeyd edək ki, “Mançester Siti”, “Hamburq”, “Şalke” klublarında oynamış Mpenza son komandası İsveçrə “Syon”u olub. O, “Syon”un heyətində son mövsümdə 32 oyuna 21 qol vurub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555

Oxşar yazılar