Neftçi Nabranda dincələr
30 iyul 2010 15:00 (UTC +04:00)

Neftçi Nabranda dincələr

1292 nəfər istirahət edib


ARDNŞ-in Sosial İnkişaf İdarəsinin tabeçiliyində fəaliyyət göstərən 60 yerlik “Geofizik” və 54 yerlik “Nabran” istirahət zonalarında yay istirahət mövsümü iyunun 20-dən başlayıb.

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu istirahət zonaları Xaçmaz rayonunun Nabran qəsəbəsində Xəzər dənizinin sahilində yerləşir.

Həmin yay istirahət düşərgələrində neftçilərin və onların ailə üzvlərinin 2 və 5 günlük istirahətləri yüksək səviyyədə təşkil olunub. Yay mövsümü başlanandan indiyə qədər hər 2 istirahət zonasında 1292 nəfər neftçi ailəsinin üzvü dincəlib. Mövsüm ərzində istirahət mərkəzlərində bu kateqoriyadan ümumilikdə 3 min nəfərin istirahəti planlaşdırılıb.

“Geofizik” istirahət zonasında təşkil edilmiş tibb otağında hər iki düşərgədə dincələnlərə ilkin tibbi xidmət göstərilir. İstirahət müddətində neftçilər üçün mədəni-kütləvi tədbirlərin təşkili də yaddan çıxarılmayıb. Sosial İnkişaf İdarəsinin mədəniyyət saraylarının bədii kollektivləri istirahət mövsümü ərzində neftçilər qarşısında rəngarəng konsert proqramları və mədəni-kütləvi tədbirlər ilə çıxış edirlər.

Xatırladaq ki, ARDNŞ tərəfindən təsdiq edilmiş smetaya əsasən “Geofizik” və “Nabran” istirahət zonalarında 1 nəfərin 1 günlük istirahətinə çəkilən xərc 42 manatdır. Amma Şirkətin istirahət zonalarında dincələn neftçilər və onların ailə üzvləri əvvəlki illərdə olduğu kimi yenə də istirahətin dəyərinin yalnız 15 faizini ödəyirlər. Qalan 85 faiz isə ARDNŞ tərəfindən maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 985

Oxşar yazılar