Avropa ikincisi olan idmançımızın apelyasiya şikayətinə baxılır
08 iyul 2010 14:20 (UTC +04:00)

Avropa ikincisi olan idmançımızın apelyasiya şikayətinə baxılır

Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən qaydasız döyüş üzrə Avropa çempionatının mükafatçısı Azad Məmmədovun barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmədən Lent.az-a verilən məlumata görə, A. Məmmədovun apelyasiya şikayəti üzrə məhkəmə baxışı iyulun 13-nə təyin olunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 18 mart 2010-cu il tarixli hökmü ilə Azad Məmmədov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, A. Məmmədov Şəkilə Zeynalovanın 26 500, Gülnarə Yusifovanın 75 min və Sahibə Həsənovanın 22 min ABŞ dollarını alaraq mənimsəyib.

O, 2009-cu il aprelin 14-də Şəki rayonunun Qoxmuq kəndində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şəki Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. Məmmədovun Qoxmuq kəndində yerləşən evində axtarış aparılan zaman evdən bir ədəd "Vinçester" tipli silah, bir ədəd "Tir" tüfəngi və qaz tapançası aşkar edilərək götürülüb.

A. Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, A. Məmmədov 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş mükafatçısı olub.

Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645

Oxşar yazılar