“Bakı” yeni baş məşqçisini təqdim etdi
26 iyun 2010 10:00 (UTC +04:00)

“Bakı” yeni baş məşqçisini təqdim etdi

“Bakı” futbol klubu yeni baş məşqçisi Vinfrid Şeferi iyunun 25-də ictimaiyyətə təqdim edib.


Lent.az-ın məlumatına görə, klubun bazasında təşkil olunan tədbirə almaniyalı mütəxəssis və onun köməkçisi Mano Polkinqdən əlavə, klubun vitse-prezidentləri Zeynal Məmmədov, Yaşar Seyidov və digər rəsmilər qatılıblar.

Açıq havada hovuz kənarında baş tutan mərasimdə “Bakı”nın media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Nəriman Mehdiyev artıq iki həftədir, Azərbaycan paytaxtında olan Şeferlə 2 illik müqavilə bağladıqlarını bildirib. Ardından jurnalistlər qarşısında rəsmi imzalama mərasimi reallaşıb.


Daha sonra yeni baş məşqçi media mənsublarının suallarını cavablandırıb. O, “Bakı”nın məqsədləri və şəraiti ilə yaxından tanış olduqdan sonra bu komandada işləməyə razılıq verdiyini bildirib. Şeferin sözlərinə görə, klub prezidenti Hafiz Məmmədovla söhbətdə onun ideyalarını bəyənib. Bakıya gələnədək isə internet vasitəsilə müəyyən məlumatlar topladığını deyən təcrübəli mütəxəssisin fikrincə, klub rəhbərliyi uğurlu nəticələr qazanmağı çox istəyir.


Baş məşqçi artıq 9 gündür ki, məşqlərə başladıqlarını və komandada müəyyən çatışmazlıqları aradan qaldırmağa çalışdıqlarını vurğulayıb. “Komandanın oyununda çatışmayan cəhətlər var. Oyunçuların fiziki hazırlığını artırmalıyıq. Eyni zamanda, oyun planında dəyişikliklər olacaq. Futbolçular əvvəl olduğu kimi qısa boylu Jabaya uzun ötürmələr verməməlidir. Daha çox yerlə qısa ötürmələrlə oynamaq lazımdır”.


İyunun 26-dan Almaniyaya təlim-məşq toplantısına yollanacaqlarını deyən Şefer 2 həftəyədək davam edəcək hazırlıq prosesi müddətində 3 yoldaşlıq görüşü keçirəcəklərini açıqlayıb. “Bakı” əvvəlcə Almaniyanın 3-cü liqasında yarışan və adı hələ müəyyənləşməyən komandalardan biri ilə üz-üzə gələcək. Sonra Azərbaycan kubokunun sahibi 2-ci liqada yer alan “Koblents”lə qarşılaşacaq. Üçüncü yoldaşlıq matçı isə “Köln”lə olacaq. Oyunlar iyulun əvvəllərinə təsadüf edəcək.


Baş məşqçi bildirib ki, toplanış ilk növbədə, Avropa Liqasının II təsnifat mərhələsində “Bakı”nın Çernoqoriya “Buduçnost”u ilə keçirəcəyi oyuna hazırlıq xarakteri daşıyacaq. Şefer Avropa Liqasının qrup mərhələsinədək irəliləməyin o qədər də asan olmadığını bildirib: “Hər bir komanda bizim kimi uğur qazanmaq istəyir. Məqsədə çatmaq üçün daha çox çalışmaq lazımdır. Futbolçularım məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər. İnanıram ki, Almaniyada da ciddi hazırlıq keçməklə qitə turnirində uğurlu çıxış edəcəyik, qrup mərhələsinə çıxacağıq və klub prezidentini sevindirəcəyik. Klubumuzda güzəl bir əhval-ruhiyyə var. Biz uğur qazanmaq naminə bir ailə kimi birlikdə çalışırıq. Əminəm ki, zəhmətimiz bəhrəsini verəcək və biz azarkeşlərimizi qələbələrlə sevindirəcəyik. Eyni cür davam edəcəyimiz, yaxşı işləyəcəyimiz halda bu vəzifənin öhdəsindən gələcəyik”.

Sonda klub rəsmiləri və məşqçilər “Bakı”nın gələcək uğurları şərəfinə badə qaldırıblar.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 658

Oxşar yazılar