“Avropa çempionu olmasaydım, karyeramı bitirəcəkdim” – MÜSAHİBƏ
17 may 2010 10:00 (UTC +04:00)

“Avropa çempionu olmasaydım, karyeramı bitirəcəkdim” – MÜSAHİBƏ

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Avropa çempionatında 87 kq çəki dərəcəsindən yuxarı çəkidə qızıl medal qazanan Azərbaycan taekvondoçusu Təvəkkül Bayramovun Lent.az-a müsahibəsi


- Avropa çempionatında ilk dəfə idi ki, ən ağır çəkidə çıxış edirdiniz. Qızıl medalı qazanmaq çətin olmadı?

- Taekvondo növündə çəki dərəcələri baxımından 87 kq-da olsam da, koreyalı məşqçimiz Con Conq Be mənim 87 kq-dan yuxarı çəkidə çıxış etməyimi məqsədəuyğun saydı. Hazırkı çəkim ən ağır çəki dərəcəsindən aşağıdır. Eyni zamanda rəqiblərim məndən boyca hündür, fiziki cəhətdən daha hazırlıqlıdırlar. Çempionatın püşkü atılarkən, potensial rəqiblərimlə tanış olduqda 3-cü yeri asanlıqla tutacağıma inamım yarandı. Həqiqətən də ilk 2 görüşümdən sonra gördüm ki, çox rahat vuruşuram. 3-4-cü döyüşlərimdə də özümü rahat hiss edirdim. Fiziki cəhətdən hazırlıqlı idim. Zərbələrim kəsərli alınırdı. Nəticədə Allahın köməkliyi ilə Avropa çempionu oldum.


- Bu çəkidə 2007-ci il dünya çempionatının finalında uduzduğunuz türkiyəli Bəhri Tanrıqulu yox idi. Bu amil Avropa çempionu adını qazanmağınıza nə dərəcədə müsbət təsir göstərdi?


- Avropa çempionatında Tanrıqulu 87 kq çəkidə çıxış edirdi və heç mükafatçılar sırasına da düşə bilmədi. Ən ağır çəkidə iştirak etsəydi belə, onun hamıdan güclü olduğunu deməzdim. Sankt-Peterburqda mənim çəki dərəcəmdə Tanrıquludan da güclü taekvondoçular mübarizə aparırdı. Məsələn, yarımfinalda qalib gəldiyim yunanıstanlı Alexandros Nikolaidis Avropa çempionu, ikiqat olimpiya finalçısı idi.


- Sizədək komandamız cəmi bir bürünc medal qazanmışdı. Bu amilin qızıl medal əldə etməyinizdə nə dərəcədə rolu oldu?


- Çempionatın sonuncu günündə çıxış edirdim. Bunadək cəmi bir idmançımız fəxri kürsüyə qalxa bilmişdi. Bu, bürünc medal qazanan Elvin Məmmədov idi. Digər komanda yoldaşlarımın hər gün mübarizəni dayandırması qanqaraçılıq yaradırdı. Eyni zamanda gündən-günə məsuliyyətimi artırırdı. Mən də təcrübəli idmançı kimi özümə bəslənən ümidləri doğrultdum, himnimizi səsləndirib, bayrağımızı ucaltdım.


- Avropa çempionatına necə hazırlaşmışdınız?


- Çempionat öncəsi komanda yoldaşlarım Cənubi Koreyada 40 günlük təlim-məşq toplantısı keçirmişdilər. Lakin koreyalı məşqçimiz məni aparmamışdı. Nəticədə uşaqlardan geri qaldım. Onlar Koreyadan qayıtdıqdan sonra Quba və Qusarda birgə toplanışda olmuşuq. Con Conq Benin təlimlərindən sonra şəxsi məşqçim, eyni zamanda yığmamızın baş məşqçisi Ələkbər İmaməliyev məni zalda saxlayırdı, özü yarım saatlıq əlavə hazırlıq keçirdi. Hər halda azərbaycanlı ilə koreyalının məşqləri arasında fərqlər var idi. Con Conq Benin məşqi sürətli keçirdi. Buna uyğunlaşmaq lazım idi. Öz məşqçimizin təlimləri isə indiyədək öyrəşdiklərimizə uyğun gəlirdi.


- Koreyaya aparılmamağının səbəbi nə idi?


- Vallah, bilmirəm. Hələ də səbəbini mənə açıqlamayıblar. Onu bilirəm ki, Koreyaya aparılmamağıma Con Conq Be qərar verib.


- Bəlkə onunla hər hansı probleminiz var?

- Xeyr. Heç bir problemim yoxdur. Əksinə, münasibətlərimiz çox yaxşıdır. Aramızda həddən artıq səmimiyyət, mehribançılıq var. Con Conq Be 2001-ci ildə də toplanışımızda iştirak edib.


- İlk dəfə idi ki, Avropa çempionu olurdunuz. Bunu dünya çempionatının gümüş mükafatından üstün, yoxsa aşağı nailiyyət sayırsınız?


- Bir söz deyim, Siz özünüz də yəqin ki, təsdiqləyərsiniz. 3 il öncə Çinin paytaxtı Pekində keçirilmiş dünya çempionatında 5 döyüş keçirmiş, yalnız sonuncusunda uduzmuşdum. Həm dünya, həm də Avropa çempionatında çox əziyyət çəkmişəm. Lakin istənilən yarışda bir ad var: çempionluq! İstər dünya, istər Avropa, istərsə də Azərbaycan çempionu ol. Əsas məsələ tituldur. Çempion olanda istər-istəməz Azərbaycan bayrağı ən yüksəkdə olur, himn çalınır, hamı ayağa qalxır, hörmətlə qarşılanır. Bunun özü başqa bir gözəllikdir.


- Avropa çempionatında nəticə göstərə bilməsəydiniz, karyeranızı bitirmək haqda düşünəcəkdiniz?


- Bəlkə də... Bu, karyeramda sonuncu yarış ola bilərdi.

- Bəs Avropa çempionluğu əldə etdikdən sonrakı hədəfləriniz nədən ibarətdir?

- 29-30 mayda Kanadanın Monreal şəhərində beynəlxalq turnir olacaq. Taekvondoçularımız həmin yarışa yollanacaqlar. Mənim iştirakım isə sual altındadır. Qabırğamdan və ayaqlarımdan zədə almışam. Elə indi rentgendən gəlirəm. Məşqçilər heyəti məsləhətləşib Kanadada çıxış edib-etməyəcəyimə dair qərar verəcək. Eyni zamanda iyulda Dünya Kuboku və sentyabrda Bakıda Avropa Kuboku olacaq. Yaxşı formadayamsa, niyə də davam etməyim?


- Ümumiyyətlə, yığmamızın çıxışını necə dəyərləndirirsiniz?


- Komanda yoldaşlarım yaxşı işlədilər. 68 kq çəkidəki təmsilçimiz Fariz Əliyev ikiqat Avropa çempionu və olimpiya mükafatçısı, türkiyəli Sərvət Təzəgülə cərimə xalları ilə uduzdu. Digəri qızıl xalla məğlub oldu. Həm də ilk dəfə yeni qoruyucu jiletlə çıxış edirdik. Bu amil də çıxışlarımıza təsirsiz ötüşmədi. Həqiqətən də belə jiletlə çıxış etmək bizim üçün çox çətin oldu. Onu alıb burada məşğul olmağa vaxtımız çatmadı.


- Səhv etmirəmsə, qardaşınız da taekvondoçu olub...


- Bəli. Qardaşım Tərənnüm Bayramov eyni zamanda mənim ilk məşqçim olub. Özümüz Xırdalanda anadan olsaq da, əslən Qubadlıdanıq. Məndən öncə qardaşım taekvondo ilə məşğul olurdu. Necə deyərlər, məni özü ilə məcburən zala dartıb aparırdı. Tədricən idmanla məşğul olmağa və nəticə verməyə başladım. Hazırda 29 yaşımdayam. Ailəliyəm, bir oğlum var.


- Övladınızın yolunuzu davam etdirməsini istərdiniz?

- İndi onun 6 yaşı var. Taekvondo çətin idman növüdür. Açığı, istəməzdim. Amma baxarıq, hələ çox var.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 787

Oxşar yazılar