Boksçularımız olimpiadaya maksimum sayda lisenziya qazandı
01 may 2010 10:30 (UTC +04:00)

Boksçularımız olimpiadaya maksimum sayda lisenziya qazandı

Bakıda təşkil olunan gənclər arasında boks üzrə dünya çempionatında bu gün ¼ final görüşləri keçirilib.


Lent.az-ın məlumatına görə, bu mərhələdə çıxış edən 7 boksçumuzdan 3-ü görüşlərini qələbə ilə başa vuraraq, yarımfinala vəsiqə qazanıblar.

48 kq çəki dərəcəsində çıxış edən Salman Əlizadənin ¼ finaldakı rəqibi Vadim Kirilenko (Belarus) olub. Görüş Əlizadənin qələbəsi ilə başa çatıb – 14:6. Əlizadə yarımfinalda Zohidyon Hurboyevlə (Özbəkistan) qarşılaşacaq.

51 kq çəkidə yer alan Şaban Şahpələngov da yarımfinala yüksəlib. Şahpələngov Bhaskar Jerripothulanı (Hindistan) yenib. 3-cü raundun sonlarına yaxın hesab 14:2 olarkən, hakimlər döyüşü dayandırıblar. Boksçumuz ½ finalda Vasili Vetkinlə (Rusiya) qarşılaşacaq.


57 kq çəkidə qüvvəsini sınayan Elvin İsayev ¼ finalda Nursultan Pazilovla (Qırğızıstan) vuruşub. Görüş boksçumuzun böyük üstünlüyü ilə başa çatıb – 22:11. İsayev yarımfinalda Ünal Güleçlə (Türkiyə) qarşılaşacaq.

60 kq çəkidəki boksçumuz Kamran Baxşəliyev isə Evaldas Petrauskasa (Litva) uduzaraq, mübarizəni dayandırıb. Bu çəkidə yer alan Ermənistanın sonuncu təmsilçisi Hrayr Matevosyan da yarımfinala çıxa bilməyib. Matevostan ¼ finalda Tomas Vahrenholta (Almaniya) yenilib – 2:7. Bununla da düşmən ölkə boksçuları Bakıda mükafatçılar sırasına düşməkdən məhrum olublar.


75 kq çəkidə yarışan Vətən Hüseynli də yarımfinala çıxa bilməyib. Hüseynli ¼ finalda Harşa Zoltana (Macarıstan) uduzub – 5:9.


81 kq çəkidə çıxış edən Teymur Məmmədov Burak Akşinlə (Türkiyə) üz-üzə gəlib. Dünya çempionatında böyük ümidlər bəslənilən Məmmədov da əvvəlki iki komanda yoldaşı kimi uduzub – 1:5.


91 kq-dan yuxarı çəkidə çıxış edən Fərqan Ömərov da mübarizəni dayandırıb. Ömərov Filip Xrqoviçə (Xorvatiya) uduzub – 4:15.

Beləliklə, mayın 2-də keçiriləcək yarımfinal döyüşlərinə 3 boksçumuz – Salman Əlizadə, Şaban Şahpələngov və Elvin İsayev vəsiqə qazanıblar. Keçirəcəkləri görüşlərin nəticəsindən asılı olmayaraq, onlar ölkəmizin aktivinə ən azı 3 bürünc medal yazdırıblar. Bununla yanaşı, 48 kq, 51 kq və 57 kq çəki dərəcələrində çıxış edən boksçularımız 14 – 26 avqustda Sinqapurda təşkil olunacaq Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının müəyyənləşdirdiyi qaydalara əsasən, hər çəkidə mükafatçılar sırasına düşən 4 boksçu olimpiadada iştirak hüququna yiyələnir. Amma olimpiadada bir ölkənin 3-dən çox boksçusunun çıxış etməsinə icazə verilmir. Bu baxımdan, demək olar ki, Azərbaycanın Sinqapurda maksimum sayda boksçusu mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 749

Oxşar yazılar