Mirkamil Rəhimov: “Həyata keçirə bilmədiyimiz layihə yoxdur” - MÜSAHİBƏ
04 mart 2010 10:30 (UTC +04:00)

Mirkamil Rəhimov: “Həyata keçirə bilmədiyimiz layihə yoxdur” - MÜSAHİBƏ

5 mart Bədən Tərbiyəsi və İdman günü ilə bağlı Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimovun Lent.az-a müsahibəsi


- Əvvəlcə Bədən Tərbiyəsi və İdman günün təsis olunma tarixi haqda məlumat verərdiniz...


- 1995-ci ildə ulu öndərimiz Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, bu sahənin inkişafı üçün İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Həmin gün doğrudan da böyük idman bayramı idi. Bu tarix bütün idmançılar, idman ictimaiyyəti üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki ilk dəfə idman ictimaiyyəti ilə belə yüksək səviyyədə görüş keçirilmişdi. Bu tarixin əbədiləşdirilməsi təklifi ilə 2005-ci ildə Azərbaycan idman ictimaiyyəti möhtərəm prezidentimiz İlham Əliyevə müraciət etdi. Bununla da 4 mart 2005-ci ildə cənab prezident Bədən Tərbiyəsi və İdman gününün təsis olunması haqqında xüsusi sərəncam imzaladı. Sərəncama əsasən, hər il martın 5-də Bədən Tərbiyəsi və İdman günü qeyd olunur.


- Qeyd olunmağa bağladığı 5 il müddətində idmanımızdakı inkişaf dinamikasını necə dəyərləndirərdiniz?


- Bu müddətdə idmançılarımız bir çox uğurlara imza atıb, qazanılan medalların sayı ildən-ilə artıb. Avropa və dünya çempionatları, eləcə də 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında əldə olunan nailiyyətləri qeyd edə bilərəm.


- 2009-cu ildə dövlət büdcəsindən idmanın inkişafına 12,8 milyon manat vəsait ayrılıb. Bu vəsait il ərzində nəzərdə tutduğunuz idman tədbirlərini keçirməyə kifayət edib?


- Ayrılmış vəsait idman tədbirlərini tam əhatə etməsə də, respublikadaxili və rəsmi beynəlxalq yarışlara qatılan komandalarımızın təminatının həyata keçirilməsinə kifayət edir. Bundan başqa, ayrı-ayrı federasiyalar da vəsaitlər ayırır, idman növlərinin inkişafına köməklik göstərir. Ümumilikdə, bu gün Gənclər və İdman Nazirliyinə ayrılmış vəsait kifayət qədərdir.


- Bayram günü ilə əlaqədar hansı tədbirləriniz nəzərdə tutulub?


- Respublikamızın bir çox şəhər və rayonlarında kütləvi tədbirlər həyata keçiriləcək. Bakıda isə konkret tədbirlər planı hazırlanıb. Əvvəlcə idman ictimaiyyəti ilə birgə Fəxri xiyabanda ulu öndərimiz Heydər Əliyevin məzarını ziyarət edəcəyik, sonra Şəhidlər xiyabanında olacağıq. Saat 14:00-da Dənizkənarı parkda idman bayramı planlaşdırılıb. Sonda Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində böyük konsert nəzərdə tutulub.


- 5 illik yubiley tədbirinə xaricdən qonaqların gəlməsi nəzərdə tutulubmu? Bununla əlaqədar təbriklər almısınız?


- Açığı, hələ bizə digər ölkələrin idman nazirlərindən gələn təbriklər yoxdur. Belə bir təcrübənin olduğunu da xatırlamıram. Amma ayrı-ayrı federasiyaların və rayonların rəhbərlikləri və şəxslər nazirliyimizə müraciət edərək, bizi bayram münasibətilə təbrik edirlər.


- Bəs bu günün bir yubiley kimi qeyd olunması üçün hansı işləri görmüsünüz?


- 5 illiyə yubiley demək olmaz. Yəqin ki, 10 illiyimizi daha yüksək səviyyədə qeyd edəcəyik. Amma hər dəfə olduğu kimi, bu il də bayramımız ölkə prezidenti cənab İlham Əliyev tərəfindən diqqətsiz qalmayıb. Gənclər və İdman Nazirliyində çalışan 6 nəfərə “Dövlət qulluğu” medalı, idmançı Sona Əhmədli ilə məşqçi Məhərrəm Sultanzadəyə “Tərəqqi” medalı təqdim olunub. Nazirliyimiz də öz növbəsində, yüksək nəticələr əldə etmiş şəxslərə ayrı-ayrı mükafatlar təqdim edəcək.


- İndiyədək həyata keçirməkdə çətinlik çəkdiyiniz layihələriniz olub?


- Biz bütün layihələri həyata keçirməyə çalışırıq. Həyata keçirə bilmədiyimiz layihə yoxdur. Bizə daxil olan müraciətlər əsasında hansısa yarışın vaxtı dəyişdirilə bilər. Lakin illik təqvim planında nəzərdə tutulan yarışların keçirilməsi mütləqdir, vacibdir və hamısı da keçirilir.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566

Oxşar yazılar