Nazir müavini: “Federasiyamız qış olimpiadasına “barmaqarası” yanaşmayıb”  - MÜSAHİBƏ
01 mart 2010 10:30 (UTC +04:00)

Nazir müavini: “Federasiyamız qış olimpiadasına “barmaqarası” yanaşmayıb” - MÜSAHİBƏ

Kanadanın Vankuver şəhərində başa çatan XXI Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin tərkibində yer alan gənclər və idman nazirinin müavini və Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü İsmayıl İsmayılovun Lent.az-a müsahibəsi


- Vankuver olimpiadası Azərbaycan üçün necə keçdi?

- Hər bir dövlətin olimpiadalarda iştirakı və onun təbliğ olunması çox vacib şərtlərdəndir. Bu baxımdan, Azərbaycanın Qış Olimpiya Oyunlarına qatılmasını çox müsbət qiymətləndirirəm. Eləcə də idmançılarımızın iştirakını məqsədəuyğun və yüksək səviyyədə dəyərləndirirəm. Vankuver olimpiadasında iki dağ xizəkçimiz çıxış etdi. Sedrik Nots kişilərin, Qaya Bassani Antivari isə qadınların nəhəng slalom və slalom yarışlarında qüvvələrini sınadılar. Nəhəng slalomda Antivari 86 idmançı arasında 57-ci, Nots isə 103 idmançı arasında 72-ci yeri tutdu. Həm də dağ xizəkçiliyi çox çətin növlərdəndir. Belə növdə təmsil olunmağın özünü müsbət qiymətləndirmək olar. Antivari məşq vaxtı zədələnməsəydi, bəlkə bundan yaxşı nəticə göstərə və slalom yarışlarında finişə çata bilərdi. Digər tərəfdən, fiqurlu konkisürmədə Azərbaycanı hakim qismində İrina Neçkina təmsil edirdi. 17 – 21 fevralda keçirilən əsas yarışlara hakimlik edənlərdən biri də o idi. Qış olimpiadasında Azərbaycanın hakimlə də təmsil olunmasını müsbət qiymətləndirirəm.


- İdmançımız nəyə görə zədələndi?


- Yarış məkanında qar olmadığından, vertolyotla gətirilərək, səpilirdi. Onun üzərində xizəklə hərəkət edəndən sonra buza çevrilirdi. Havanın temperaturunun müsbət olması buzun sürüşkənliyinin artırırdı ki, bu da zədələnmələrə səbəb olurdu. Bu səbəbdən, idmançıların özləri də çətin vəziyyətdə idilər.


- Olimpiadada ölkəmizin azərbaycanlı idmançılarla deyil, əslən isveçrəli və italiyalı milliləşdirilmiş idmançılarla təmsil olunması digər ölkələrin nümayəndələri, beynəlxalq qurumlar tərəfindən necə qarşılandı?


- Bu, normal hal və dünyada gedən prosesdir. Hər bir idmançı yeni olimpiya tsiklində istənilən ölkəni təmsil edə bilər. Azərbaycanda idmançıların qış idman növləri ilə məşğul olmasında problemlər var. Ona görə də kənarda gətirdiklərimiz Azərbaycan tərəfinin dəstəyilə öz ölkələrində məşqlər aparırlar və bizi təmsil edirlər. Qış olimpiadasında Azərbaycanın təbliğ olunması və ölkəmizin də iştirakı müsbət haldır.


- Amma Azərbaycanla eyni coğrafi şəraitdə olan Gürcüstan və Ermənistan Vankuver olimpiadasında ölkəmizinkilərdən çox, həm də öz idmançıları ilə təmsil olundular...


- Çıxış edib, hansı nəticəni göstərdilər? Yəni, qış olimpiadasında rəqabət çox yüksəkdir. Rusiya kimi ölkə istənilən səviyyədə nailiyyət əldə edə bilmədi. Ukrayna medalsız qaldı. Bütün bunlar hər bir dövlətin iqlim şəraiti və təbiətinin qış idman növlərinə uyğun olub-olmaması ilə bağlıdır. Hansısa idmançının öz ölkəsinin yox, başqa dövlətin şərəfini qoruması bütün dünyada normal hal kimi qarşılanır. Heç bir beynəlxalq qurum da buna pis baxmır. Seçim idmançıların özlərindədir.


- Sizcə, xeyli vəsait xərcləyərək, Alp dağlarında məşq etməkdənsə, qonşu Gürcüstandakı bazada hazırlıq keçmək daha münasib deyildimi?


- Bu gün idman sahəsində inkişafa nail olmaq üçün daha böyük önəm verdiyimiz amillərdən biri idmançılarımızın digər ölkələrdə təlim-məşq toplantısında olmasıdır. Bu halda hazırlıq prosesi qış idman növlərinin inkişafı, idmançıların hazırlanması üçün münasib məkanlarda, yaxşı idmançı və məşqçilərin fəaliyyət göstərdikləri ölkələrdə reallaşdırılır. Ona görə də dağ xizəkçilərimizin hazırlığı üçün daha münasib məkan kimi Alp dağları seçilib.

- Olimpiadada cəmi 2 idmançımızın iştirakı, onların slalom növündə finişə çata bilməmələri və digər amillərə əsasən, demək olarmı ki, Azərbaycan Qış İdman Növləri Federasiyası Vankuver olimpiadasına “barmaqarası” yanaşıb?


- Mən heç də deməzdim ki, federasiyamız bu məsələyə “barmaqarası” yanaşıb. Əksinə, ölkəmizin qış olimpiadasında təmsil olunması üçün bacardığı qədər işlər görüb. Bundan sonra idmançıların sayının artırılması üçün müəyyən işlərin görülməsinə və qış olimpiadasında daha çox təmsilçimizin olmasına çalışmalıyıq. Bu da gələcəyin işidir. Bildiyiniz kimi, 2014-cü il Qış Olimpiya Oyunları Rusiyanın Soçi şəhərində keçiriləcək. Yəqin ki, Azərbaycan Qış İdman Növləri Federasiyası təmsil oluna biləcəyimiz növlərdə idmançıların lazımi səviyyəli hazırlıq keçməsi və qarşıdakı olimpiadaya lisenziyaların sayının daha çox olması istiqamətində çalışacaq.


- Mətbuatda yazılanlara görə, olimpiada vaxtı idmançılar və onların məşqçilərinin pulları kəsilib. Bu səbəbdən, federasiya rəhbərliyi ilə idmançılar arasında mübahisə baş verib...


- Bu sual mənə aid deyil.


- Hər halda belə bir halın şahidi olmusunuz?

- Mən bunu Sizdən eşidirəm. Hamısı yalan, uydurmadır. Fakt odur ki, idmançılarımız olimpiadada çıxış ediblər, nəticələri də məlumdur. Dağ xizəkçilərimiz can-başla yarışlara qatılıblar. Həmin söz-söhbətlər həqiqəti əks etdirmir.

- Yarış öncəsi idmançılarımızın qarşısına hər hansı tələb qoyulmuşdu?

- Xeyr.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 691

Oxşar yazılar