Park Sun Mi: “Azərbaycan dilini öyrənirəm” – MÜSAHİBƏ - FOTO
23 avqust 2010 14:00 (UTC +04:00)

Park Sun Mi: “Azərbaycan dilini öyrənirəm” – MÜSAHİBƏ - FOTO

- Əvvəlcə özünüz haqda məlumat verərdiniz...

- Mən 1972-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda anadan olmuşam. Taekvondoçu kimi 65 kq çəki dərəcəsində çıxış etmişəm və bir sıra uğurlara imza atmışam. Bu baxımdan, 1994-cü ildə qazandığım Asiya çempionluğunu ilə 1995-ci ildə əldə etdiyim dünya çempionluğunu vurğulaya bilərəm. İdmançı karyeramı isə 2000-ci ildə başa vurmuşam.


- Səbəb nə oldu?


- Həmin vaxt artıq 28 yaşım var idi. Digər tərəfdən, Cənubi Koreyanın Ce Cu şəhərinin yığma komandasından məşqçilik təklifi aldım. Beləliklə, məşqçi kimi fəaliyyətə başladım. Çalışdığım dövrdə Cənubi Koreya millisi üçün həm oğlan, həm də qız taekvondoçular yetişdirmişəm. Onlardan bir neçəsi Dünya Kubokunu qazanıb.


- Bəs ölkəmizə gəlişiniz necə baş tutdu?


- Bir müddət öncə Azərbaycan taekvondoçuları Ce Cu şəhərinə təlim-məşq toplantısına gəlmişdilər. Orada Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayev və texniki direktor Oh Kvanq Çolla tanış oldum. Onlar mənə ölkənizin yığmasında çalışmağı təklif etdilər. Bir müddət sonra mən Bakıya gəldim və qadınlar arasında keçirilən taekvondo yarışlarını izlədim. Taekvondoçularınızın potensialını gördükdən sonra burada işləməyə razılıq verdim.


- Ölkəmizdə qadın taekvondosunun inkişafı üçün əlverişli şərait var?


- Şərait yaxşıdır, əlverişlidir. Sadəcə, yeni gəldiyim vaxt bir az çətinlik var idi. Uşaqların məşq tərzimə uyğunlaşmasında müəyyən problemlər oldu. Amma qızlar gözlədiyimdən tez uyğunlaşdılar və bir-birimizlə dil tapa bildik.


- Demək, işinizdən razısınız...

- Cəmi 3 aydır ki, buradayam. Verdiyim tapşırıqlara əməl edərək, bu dərəcədə inkişaf etdikləri üçün qızlara minnətdaram. Eyni zamanda, verdikləri hərtərəfli dəstəyə görə, Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Məhz bu dəstəyin nəticəsində tezliklə uğurlu nəticələr göstərəcəyimizə ümidvaram.


- Qarşınıza hansı məqsəd qoyulub?

- İlkin məqsədimiz 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdan ibarətdir. Lisenziya xarakterli təsnifat turnirlərindən biri gələn il 16 – 19 iyulda Bakıda keçiriləcək. Həmin vaxtadək taekvondoçuların daha yaxşı forma yığmasına və olimpiadaya lisenziya qazanmalarına çalışacağıq.


- Komandaya legioner dəvət etməyi planlaşdırmırsınız?


- Hələlik belə bir fikrimiz yoxdur. Xaricdən taekvondoçu dəvət etməkdənsə, yerli uşaqları lazımi səviyyəyə çatdırmaq olar. Əgər hansısa çəki dərəcəsində boşluq hiss etsək, legioner dəvət edə bilərik. Mən bura gələnədək Seunq Mi Li adlı koreyalı legioner olub. Lakin o, artıq komandada yoxdur. Görünür, yığmada qalmasına ehtiyac duyulmayıb.


- Yaxın gələcək üçün planlarınız nədən ibarətdir?


- Hazırda Qusar Olimpiya Kompleksində təlim-məşq toplantısındayıq. Avqustun 29-da 11 idmançı ilə Cənubi Koreyaya yollanacağıq. 2 – 6 sentyabrda Qu Mi şəhərində keçiriləcək Koreyanın açıq çempionatında iştirak edəcəyik. Bundan sonra isə Qin Ce şəhər bələdiyyəsinin yığması ilə birgə təlim-məşq toplantısı keçirəcəyik.


- Özünüzə köməkçi-məşqçi götürmüsünüz?


- Xeyr. Hələlik buna ehtiyac yoxdur. Hazırda Azərbaycan dilini öyrənməklə məşğulam. İstəyirəm ki, məşqləri azərbaycanca aparım. Məqsədim qızlarla qəlbən bağlı olmaqdan, onlarla yaxından ünsiyyət qurmaqdan ibarətdir. İstərdim ki, azərbaycanlı qızlarda taekvondoya maraq daha çox olsun.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1102

Oxşar yazılar