Bu gün Azərbaycan Premyer Liqasının 2019/20 mövsümünün çempionu olan “Qarabağ” klubu mükafatlandırıldı.
Apasport.az saytının məlumatına görə, “Azersun Arena”da baş tutan, amma pandemiya ilə əlaqədar olaraq kütləvi keçirilməyən tədbirdə “Qarabağ” klubunu vitse-prezident Tahir Gözel, direktor Emrah Çelikel, baş menecer Asif Əsgərov, baş məşqçi Qurban Qurbanov, kapitan Rəşad Sadıqov və mövsümün bombardirlərindən olan Mahir Emreli təmsil etdilər.
Təqdimetmə zamanı əvvəlcə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək “Qarabağ”ı növbəti çempionluq münasibəti ilə təbrik edib, Çempionlar Liqasında uğurlar arzuladı.
Çıxışın ardından Mahir Emreli mövsümün bombardiri üçün hazırlanmış xüsusi mükafata sahib çıxdı. I Divizionun bombardiri olan Musa Qurbanlı isə tədbirdə iştirak etmədiyi üçün onun mükafatı məşqçisi olmuş Rəşad Sadıqova verildi. Qeyd olunan şəxslər medallarını əldə etdikdən sonra sonda PFL prezidenti çempionluq kubokunu kapitan Rəşad Sadıqova təqdim etdi. Sadıqov və Emrelinin kuboku götürdükdən sonra boş tribunalar önünə gedib, bir növ onları azarkeşlərlə bölüşürmüşlər kimi davranması kubokun qazanılmasında azarkeşlərin rolunu əks etdirən simvolik mesaj idi. Qeyd edək ki, komandanın digər üzvlərinin medalları Ağdam klubunun rəhbərliyinə təqdim olundu.