Türkiyə klubarı "Qalatasaray", "Fənərbaxça" və "Yeni Malatyaspor" koronavirus infeksiyası ilə bağlı təşvişə düşüb.
Apasport.az saytının məlumatına görə, buna səbəb adıçəkilən komandaların futbolçularının Mərakeş millisinə çağırılmalarıdır.
Məsələ burasındadır ki, Mərakeşin Afrika Kubokunun seçmə mərhələ matçları üçün ilkin siyahısında 49 oyunçu yer alıb ki, onlardan üçü - Yunes Belhanda ("Qalatasaray"), Nabil Dirar ("Fənərbaxça") və İssam Çebakedir ("Yeni Malatyaspor"). 23-31 mart tarixlərindəki toplanış öncəsi baş məşqçi Vahid Halilodziç yekun "23-lüy"ü müəyyənləşdirəcək. Mərakeşdə koronavirusun aşkarlanması Super Liqa təmsilçilərini qorxuya salıb. Hətta bu üzdən Mərakeşdə bütün peşəkar və həvəskar idman yarışlarının azarkeşsiz keçirilməsi qərara alınıb.
Qeyd edək ki, Mərakeş millisi seçmə mərhələ çərçivəsində martın 27-də və 31-də Mərkəzi Afrika Respublikası ilə iki oyun keçirəcək.