“Sumqayıt” klubunun prezidenti, Klublar Komitəsinin sədri Riad Rəfiyevin apasport.az saytına müsahibəsi
- Plana əsasən, iyunun 21-də Azərbaycan Premyer Liqası bərpa olunmalıdır. Bu məsələdə son durum necədir?
- Yaxın günlərdə AFFA İcraiyyə Komitəsinin iclası gözlənilir. Konkret olaraq bu həftə toplantı baş tutmalıdır. Həmin görüşdə də bir qərar veriləcək.
- Peşəkar Futbol Liqası bu günlərdə çempionatın dayandırılıb-dayandırılmaması ilə bağlı klublarla sorğu keçirib. Maraqlıdır, “Sumqayıt”ın cavabı nə olub?
- Bilirsiniz ki, hazırda həftəsonu qadağaları tətbiq olunur və iki gün evdən çıxmaq qadağandır. Vəziyyət belə davam edərsə, çempionatın bərpası real görünmür. Çünki indiki halda futbol oynamaq çox çətin olacaq. Ancaq təbii ki, hansı qərar verilsə, biz də onu icra edəcəyik.
- Yəni “Sumqayıt” indiki halda çempionatın bərpasının əleyhinədir?
- Söhbət hansısa klubdan getmir. Biz oynamağa hazırıq. Amma bəzi suallar var ki, onların cavabını öncədən bilmək istəyirik. Hansı şərtlər altında, necə oynayacağımıza aydınlıq gəlməlidir. Cavablandırılmalı suallar çoxdur. Şənbə və bazar günləri evdən çıxmaq qadağası davam edərsə, o zaman necə olacaq?
- Gəzən söz-söhbətə görə, klublar karantin günlərində gizlin məşq edirlər...
- Mən öz klubumuza cavabdehəm. Biz icazə verilməyən günlərdə məşq etməmişik. Yalnız rəsmi icazə olan günlərdə hazırlıq keçirik.
- Mövsüm bərpa olunarsa, müqavilə müddəti başa çatan futbolçular sona qədər komandada çıxış edəcəklər?
- Bütün futbolçularımız mövsümün sonuna qədər komandada olacaqlar və oynayacaqlar. Bu baxımdan heç bir problemimiz yoxdur. Komandada kimin qalıb, kimin gedəcəyi isə mövsüm bitdikdən sonra bilinəcək. Hazırda bütün fikrimiz cari mövsümə yönəlib.