"Böyakağa Hacıyevlə bağlı o qədər xatirə var ki, danışmaqla bitməz. Rəhmətlik çox güclü psixoloq idi. Futbolçuları oyuna ən yüksək səviyyədə kökləməyi bacarırdı. Özü də həmişə deyirdi ki, bu xüsusiyyəti Əhməd Ələsgərovdan oğurlamışam".
Bunu apasport.az saytına "Neftçi"nin sabiq futbolçusu və məşqçisi Kamal Quliyev deyib.
"Flaqman"ın tarixinə adını qızıl hərflərlə yazdırmış keçmiş baş məşqçi Böyükağa Hacıyev sağ olsaydı, bu gün 62 yaşını qeyd edəcəkdi. Vaxtilə onun köməkçisi olmuş Kamal Quliyev Azərbaycan futbolu tarixində avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ilk baş məşqçi ilə bağlı xatirələrini bölüşüb.
Millimizin sabiq oyunçusu 2012-13 mövsümündə Avropa Liqasının pley-off mərhələsində APOEL-lə səfər matçı öncəsi Böyükağa Hacıyevin necə xarakter nümayiş etdirdiyini söyləyib: "APOEL-lə səfər oyunu ərəfəsində xəstəxanada müalicə alırdı. Ağır vəziyyətdə idi, Kiprə gedişi planlaşdırılmamışdı. Deyilən vaxtda bazaya toplaşdıq ki, aeroporta yollanaq, bir də gördük, Böyükağa müəllim gecə vaxtı tək-tənha gəlir. Prezidentimiz Sadıq Sadıqov çox çalışdı ki, səhhətinə görə səfərə getməsin. Amma fikrindən dönmədi ki, dönmədi. Komandanı o vəziyyətdə Kiprdə meydana çıxardı və tarixi qələbəyə (3:1) imza atdı. Allah rəhmət eləsin, Azərbaycan futbol tarixinə dərin iz qoyub getdi. Bir çox məşqçinin həsəd apardığı uğurlar qazandı. Onun "Neftçi"si Avropa Liqasının qrupuna düşməsəydi, bəlkə də, "Qarabağ"ın ardıcıl hər il qrupda iştirakı baş verməyəcəkdi. Çünki həmin uğur böyük təkan oldu".
Həmin mövsümün qrup mərhələsində "Neftçi" İtaliya "İnter"i ilə Milanda qollu bərabərə qalmaqla sensasiyaya imza atıb. Kamal Quliyev bunun memarının məhz Hacıyev olduğunu deyib: "Onda həmişə özünəəminlik var idi. Futbolçusundan tutmuş, xadiməyə qədər hamını oyuna kökləyirdi. 1999-cu ildə Əhməd Ələsgərovun rəhbərliyi altında yaşadığım hisslərin təkrarını "İnter"lə matçda gördüm. Böyükağa müəllim eyni metodla futbolçuları İtaliyadakı qarşılaşmaya hazırladı. Sözləri ilə "İnter" futbolçularını elə aciz vəziyyətə saldı ki, komandamız sanki favorit kimi meydana çıxırdı. Bütün oyunçuları tək-tək çağırıb söhbət edirdi. Bəzən məşq zamanı acıladığı birini sonra otağına çağırıb tərifləyir, dağın başına qaldırırdı. "İnter"lə matçdan əvvəl də Bruno Bertuççi, Nikolas Kanales, Erik Ramos, Rəşad Sadiqova deyirdi ki, siz onlardan əskik yox, artıq səviyyədəsiz. Futbolçular meydana özlərini ulduz gözündə görərək çıxdılar, rəqibdən qorxmadılar. Nəticəsini də gördük, səfərdə 2:2 hesablı bərabərə qaldıq. Böyükağa müəllim motivasiya vermək, psixoloji təsir etmək baxımından Azərbaycanda bir nömrə idi".
Kamal Quliyev məhrum çalışdırıcı ilə bağlı gülməli bir hadisəni də bizimlə bölüşüb: "Bir gün Avstriyada Böyükağa müəllim epilepsiya keçirdi. Tərlan Əhmədov cəld dilini tutub çıxardı. Mirhüseyn Seyidov da həmin anı çəkirdi. Özünə gələndən sonra Mirhüseyn videonu ona göstərib dedi ki, Böyükağa müəllim, Tərlan dilinizi çıxarmaq əvəzinə sizi boğurdu. Çünki yerinizə göz dikib. Bu sözlər onun ağlında həmişəlik qaldı. İnanmışdı ki, Tərlan yerinə keçmək üçün onu boğurdu. Hər dəfə də bunu deyirdi. Ümumiyyətlə, Böyükağa müəllim lətifə danışmağı xoşlayan adam idi. Onun bəzən adi danışığı belə gülüşə səbəb olurdu".
Qeyd edək ki, Böyükağa Hacıyev 2005-06 mövsümündə "Bakı", 2011-12 və 2012-13 mövsümündə isə "Neftçi"ni Azərbaycan çempionu edib. O, "Neftçi" ilə 2 dəfə (2012-13, 2013-14) ölkə kubokunu da qazanıb. "Şöhrət" ordenli Hacıyev 2018-ci ildə vəfat edib.