“Azərbaycan çempionatı bataqlıqdır” – Gürcüstan klubunun futbolçusu
03 fevral 2020 19:06 (UTC +04:00)

“Azərbaycan çempionatı bataqlıqdır” – Gürcüstan klubunun futbolçusu


"Merani"yə keçidim çox ani alındı. Bunda dostumun da rolu oldu". 

Bunu apasport.az saytına Gürcüstanın "Merani" klubunun futbolçusu Tural Rzayev deyib. 

Yarımmüdafiəçi Mertveli təmsilçisinə keçidini şərh edib. “Kəpəz”in yetirməsi transferin necə reallaşmasına aydınlıq gətirib: “Merani"yə keçidimdə dostum Fəxri Məmmədov əsas rol oynadı. 6-7 aydır ki, klubsuz idim. Haradansa başlamaq lazım idi. Bir müddət klubsuz qalandan sonra heç bir komanda səni istəmir. Düşünürlər ki, futbolun bitib. Gürcüstana gəlməyimdə əsas məqsədim də ilk addımı atmaq idi. Əminəm ki, “Merani” mənim üçün tramplin olacaq”. 

Tural daha iddialı kluba keçmək niyyətini gizlətmir: “Oyun praktikasından əziyyət çəkirəm. Amma hər şey öz əlimdədir. Yaxşı oynasam, özümü yaxşı göstərsəm, ən yaxşı klublara da keçə bilərəm. Deməzdim ki, məqsədim məhz "Dinamo"da oynamaqdır. Amma bu klubda oynamaq təbii ki, çox futbolçunun ürəyincə olar. Çünki Gürcüstanın ən böyük klubudur. Millidə də oynamaq istəyirəm. Zaman hər şeyi göstərəcək". 

Rzayev bildirib ki, Azərbaycan çempionatının I divizionu bataqlıqdır: "Təkcə mən yox, Premyer Liqada oynamış çox təcrübəli futbolçu da özünə klub tapa bilmir. Bu da klubların az olmasından irəli gəlir. Üstəlik, klubda reallıqlar var. Bir az menecer gətirir, bəziləri məşqçinin fikri ilə gəlir, bəziləri də rəhbərliyin istədiyi oyunçulardır. Bu gün Azərbaycanda yüksək liqada oynayan futbolçular arasında elə də böyük fərq yoxdur. Hamı bir-birinə yaxın futbol oynayır. Litvadan qayıdandan sonra birinci divizionda 4-5 ay oynadım və gördüm ki, səviyyə çox aşağıdır. Həqiqətən bataqlıqdır. Divizionda oynayandan sonra Premyer Liqa klubları da səni götürmür".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1952
avatar

Oxşar yazılar