“Apasport” Yunis Hüseynovu dünyaya tanıtdı
14 mart 2020 19:54 (UTC +04:00)

“Apasport” Yunis Hüseynovu dünyaya tanıtdı


Milli çempionatların yüksək liqalarında ən uzun fərdi qol seriyasına malik futbolçuların dünya sıralaması açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə dəyişiklik baş verib.

Bu, Azərbaycan çempionatlarının rekordçusu Yunis Hüseynovun siyahıya daxil edilməsidir. 1992-ci ildə keçirilən ilk ölkə çempionatında rekord vuran futbolçunun göstəricisi beynəlxalq aləmdə 28 ildən sonra qeydə alınıb.

Bu da səbəbsiz deyil. Apasport.az saytı apardığı araşdırmalardan sonra rekordu müəyyənləşdirib və bu barədə siyahının tərtibatçılarını məlumatlandırıb. Saytımızın hesablamaları qarşı tərəfdən tanınaraq veteran futbolçunun nailiyyəti rəsmən beynəlxalq arenada qəbul olunub.

“Neftçi”nin liderlərindən olan Hüseynov 1992-ci ildə ilk Azərbaycan çempionatının startından qolları sıralamağa başlayıb. O, ardıcıl 12 oyunda qələbə qazanan bakılıların bütün matçlarında qol sevinci yaşayıb. Hücumameylli yarımmüdafiəçi bu qarşılaşmalarda 16 qol vurub. Bunlardan beşi penaltidən olub. 8 görüşdə bir, 4 qarşılaşmada iki qol vuran futbolçunun seriyası “Xəzər”lə Sumqayıtdakı matçda qırılıb.

Yunis Hüseynovun ardıcıl qol vurduğu oyunlar

08.05.1992. “Xəzər” S – 1:0 (e) 1 qol (pen.)
10.05.1992. “Şirvan” Ş – 8:1 (e) 2 qol (ikisi pen.)
15.05.1992. “Avtomobilçi” – 3:1 (s) 2 qol
17.05.1992. “Kür” – 2:0 (s) 1 qol (pen.) 
22.05.1992. “Viləş” – 1:0 (e) 1 qol
24.05.1992. “Energetik” – 4:0 (e) 1 qol 
29.05.1992. “Şahdağ” – 1:0 (s) 1 qol
31.05.1992. “Çıraqqala” – 4:0 (s) 2 qol
02.06.1992. “İnşaatçı” – 2:0 (e) 1 qol (pen.)
08.06.1992. “Ümid” – 4:0 (e) 2 qol 
12.06.1992. “Xəzər” L – 3:0 (s) 1 qol
26.06.1992. “İnşaatçı” B – 2:0 (s) 1 qol

“Neftçi”nin qol silahı olan “7 nömrə” bu seriya ilə dünyada 7-ci yerə şərikdir. O,  Kolumbiya “Deportivo”sunun üzvü Valeriano Lopez və Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış etmiş Hamza İdriss Falatah ilə eyni seriyaya malikdir. Amma bu iki oyunçu 12 matçlıq seriya müddətində daha çox qol vurub. Cənubi amerikalı 23, asiyalı 17 dəfə fərqlənib.

Dünya rekordçusu isə Teodor Peterekdir. Polşa “Rux”unun oyunçusu 1937-38-ci illərdə ardıcıl 16 matçda meydanı qolsuz tərk etməyib.

Xuan Pedro Yanq (“Penyarol”, Uruqvay), Xayme Riveros (“Santyaqo Uonderers”, Çili) və Tor Henninq Hamre (“Flora”, Estoniya) 15 oyunluq qol seriyası ilə 2-4-cü yerləri bölüşür. Hüseynovu qabaqlayan “altılıq”da Peter Dubovski (“Slovan”, Çexoslovakiya) və Tom Fhilipson (“Vulverhempton”, İngiltərə) da var. 

Ən azı 10 oyunluq qol seriyasına malik olanların yer aldığı siyahıya düşən, lakin həmyerlimizin arxada qoyduğu ulduzlar arasında kifayət qədər məşhur simalar var. Qabriel Batistuta (“Fiorentina”, İtaliya) və Ceymi Vardi (“Lester”, İngiltərə) hərəyə 11 görüşdə meydanı qolsuz tərk etməyib. Mario Jardel (“Porto”, Portuqaliya), Ronaldo (“Barselona”, İspaniya), Ruud van Nistelroy (“Mançester Yunayted”, İngiltərə) kimi tanınmışlar isə 10 matçlıq seriyaya malikdir.

Qeyd edək ki, bəzi seriyalar, o cümlədən İspaniya “Barselona”sının argentinalı ulduzu Lionel Messiyə məxsus 18 matçlıq seriya hələ siyahıya əlavə olunmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2238
avatar

Oxşar yazılar