İtinizə pis davranışına görə bağırmaq, yanğını benzinlə söndürməyə bənzəyir – siz problemi həll etmirsiniz, əksinə, onu daha da gücləndirirsiniz.
Əksər it tərbiyəçiləri və davranış mütəxəssisləri itlərə bağırmağı qəti şəkildə tövsiyə etmirlər. Bunun bir neçə əsas səbəbi var.
Lent.az bu bilinməyən səbələri təqdim edir:
1. Bağırmaq hürməni artırır
Əgər siz itinizi hürməsinə görə danlayırsınızsa, o bunu birlikdə hürmək kimi başa düşə bilər. Həkim Liza Radosta bildirir ki, bu vəziyyəti sakitləşdirmək əvəzinə, onun stresini və ya həyəcanını daha da artırmış olursunuz.
2. İt bağırmağa qarşı laqeyd olur
Tez-tez bağırdıqda, itinizi buna o qədər öyrəşdirirsiniz ki, bir müddət sonra sizi tamamilə görməzlikdən gəlməyə başlayır.
3. İt qorxu hiss edə bilər
Bəzi itlər yüksək səsdən çəkinir və qorxur. Daha həssas itlər səsiniz yüksələn kimi geri çəkilə bilər. Hiperaktiv itlər isə daha çox həyəcanlanaraq idarəolunmaz hala gələ bilər.
4. Bağırmaq iti diqqət cəlbetmə üsulu kimi düşündürə bilər
Ev heyvanları, xüsusilə uzun müddət evdə tək qalanlar, sahiblərinin evə qayıtmasını səbirsizliklə gözləyirlər. Əgər siz itinizin üstünə bağırırsınızsa, o bunu bir diqqət növü kimi qəbul edə bilər. Belə hallarda bağırmaq onun atılmaq, hürmək və digər xoşagəlməz hərəkətlərini artıracaq.
5. Bağırmaq itin aqressiv davranışına səbəb ola bilər
Əgər itiniz onsuz da qorxaqdırsa və siz ona qarşı yüksək səslə reaksiya verirsinizsə, bu onun narahatlığını artıracaq və nəticədə aqressiyaya səbəb ola bilər. Həkim Kristin D. Kolder bildirir ki, belə bir davranış itinizi sahibinə qarşı reaksiya verməyə vadar edə bilər.
6. Bağırmaq əlavə fəsadlara gətirib çıxara bilər
Məsələn, yeni sahib itinə evdə tualet ehtiyacını ödədiyinə görə bağırırsa, it sahibinin yanında tualetə getməkdən qorxmağa başlayır. Bu isə itin ehtiyacını başqa yerlərdə gizlicə ödəməsinə gətirib çıxarır. Başqa bir səhv isə itin çağırışa gəlmədiyi hallarda baş verir. Əgər siz yüksək səslə və aqressiv formada çağırırsınızsa, it sizi qorxulu biri kimi qavrayır və yanınıza gəlməkdən çəkinir.
İtin davranışını düzəltmək üçün ən yaxşı yollar
Sakit və ardıcıl olun. Səbrinizi qoruyun və sakit reaksiya verin. İtlər aydın, sakit və davamlı siqnallara daha yaxşı reaksiya verirlər. Səsinizin tonunu yüksəltmək əvəzinə, vəziyyəti daha sakit idarə etməyə çalışın. Problemin əsas səbəbini müəyyənləşdirin.
İtin pis davranışlarının səbəbini tapıb qabaqlayıcı tədbirlər görün. Əgər it ayaqqabıları dişləyirsə – onları onun üçün əlçatmaz edin. Əgər it bağçada çiçəkləri qazırsa həmin ərazini hasara alın. Təlim verin və məşğul saxlayın.
İtinizin enerjisini düzgün istiqamətləndirmək üçün ona məşğuliyyət və tərbiyəvi oyunlar verin. O, enerjisini düzgün yerə sərf etdikdə, dağıdıcı davranışlar azalacaq.