Tuneldəki ilahi səs, məşum yuxunun sehri, yurda sonuncu səfər... – HƏYAT HEKAYƏTİ
19 iyun 2020 10:00 (UTC +04:00)

Tuneldəki ilahi səs, məşum yuxunun sehri, yurda sonuncu səfər... – HƏYAT HEKAYƏTİ

Azad bir quşdum, yuvamdan uçdum

Bir bağa düşdüm bu gənc yaşımda...

 

Oxuduğu nəğmə, yazdığı misra insanın taleyinə bu qədər sirayət edərmiş... Müəllifin – Cəfər Cabbarlının taleyini cızan bu misralar elə bil onun ifaçısının da həyat tarixçəsinin açmasıdır...

 

Məşədi Məmmədxanlılar – o nəsil Ağdamda belə tanınarmış. Abdallı Məmmədxan kişi Məşhədə ziyarətə gedəndən sonra belə olub.

 

Rayon yerlərində hər nəsil, şəcərə öz soyadı ilə tanınar. Filankəslər deyiləndə söhbətin kimin övladlarından getdiyi bəlli olar. Məmmədxan kişinin oğlu Ağakişi olub, onun da oğlu Əmirxandır. Söhbət açdığım şəxs Əmirxan kişinin oğludur - Səxavət. Məmmədov Səxavət.

 

1990-cı ildə 20 Yanvar şəhidləri arasında bu ad və soyadda şəhid olmuşdu. Əvvəl hamı elə bilmişdi ki, sevimli sənətkarımız Səxavət Məmmədovdur. Taleyə baxın ki, cəmi bir il sonra Səxavət Məmmədovu da itirdik, qəzavü-qədərmi, qətlmi... bilmədik.

 

Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Əmirxan kişi ilə Əskinaz xanımın ailəsində dünyaya gəlib. Çoxuşaqlı ailənin ilki kimi. Atası kolxozçu idi, anası evdar qadın. Səxavətdən başqa ailədə daha dörd oğlan və dörd qız böyüyürdü. Hamısının da musiqi duyumu, istedadı vardı. Evdə elə bil ansambl yaşayırdı. Xüsusən böyükləri Səxavət. Vedrəni alıb arxasına döyəcləyir, amma döyəcləməkdən musiqi çıxır. Yaxud boşqabı qaval kimi tutub ifa edir. Çalardı qavalı, amma oxumazdı, yəni evdə onun səsini elə də eşidib fərqinə varmayıblar. Bütün uşaqları kimi o da sadəcə musiqiyə meylli idi. Buna Qarabağda qeyri-adi davranış, yaxud xüsusi istedad kimi baxılmazdı, çünki “Qarabağda uşaqlar “Segah” üstündə ağlayıb “Şahnaz” üstündə gülərlər”.

 

Səxavətin səsi, həm də qeyri-adi səsi olması orta məktəbdə oxuyanda bəlli olub. Sinif yoldaşı Bayramla birlikdə çölə-çəmənə qoyun otarmağa, oynamağa gedəndə Səxavət əlini atıb qulağının dibinə elə oxuyarmış ki, quş qanad salarmış. Bayram deyir ki, Səxavət, hamı oxuyur, amma sən ayrı cür oxuyursan. Bir gün Bayram məktəbdə Validə müəlliməyə bu barədə deyir. Müəllimə Səxavəti çağırıb oxumasını xahiş edir. Səxavət Bayrama acıqlanır ki, mənim səsim nə gəzir, niyə dedin müəlliməyə, amma müəllimənin də sözündən çıxa bilmədiyi üçün oxuyur.

 

Validə müəllimə heyranlığını gizlədə bilmir və elə həmin gün Səxavəti məktəbdə təşkil etdiyi tədbirdə oxuması üçün məşqə aparır.

 

Səxavətin məktəbdə ifası dərhal kənddə əks-səda verir. Hamı onun səsindən, ifasından söz açır, atasına onu mütləq musiqiyə yazdır - deyirlər - apar Ağdama musiqi texnikumuna. O qədər deyirlər ki, axırda Əmirxan kişi Səxavəti Ağdam Musiqi Texnikumuna. Məktəbin rəhbərliyi uşağı dinləyib, yola salırlar. Bir neçə gün sonra xəbər göndərirlər ki, “atasına deyin, şirinliyini də götürüb, gətirsin o uşağı...”

 

Bir neçə gün sonra Səxavət anasına pıçıldayır ki, musiqi məktəbinə yox, Bakıya, əmimin yanına getmək istəyirəm, daha buralarda qala bilmərəm.

 

Doluxan əmisi Bakıda fəhlə işləyib, yataqxanada qalırdı. Bir gün gəlib qaldığı otaqda Səxavətin onu gözlədiyini görəndə çox sevindi, amma gözündən yayınmadı ki, Səxavət bikefdir.

 

Axşam əmisi yataqxana uşaqlarını yığdı, başladılar çalıb-oxumağa. Məqsəd Səxavətin səsi idi, əslində. Doluxan əmisi yoldaşlarına qardaşoğlunun istedadını göstərmək fikrindəydi. Əmisi nə qədər soruşdusa ki, birtəhərsən, elə bil xətrinə dəyiblər? - Səxavət dinmədi. “Mən ölüm, bir “Segah” oxu” deyəndə Səxavət dodağının altında - dedilər ki, səsin-filanın yoxdur, “Segah”ı heç oxuma. Doluxan əmiyə elə bil şillə dəydi. Yerindən sıçrayıb onu deyənin ünvanına bir-iki “yağlı” söz deyəndən sonra üzünü Səxavətə tutdu: “Gəl indi oxu, bu camaat desin, o haqlıdır, ya yox!” Səxavətin yanıqlı zənguləsi bütün binanı, küçəni götürmüşdü. İfadan sonra ani sükut yarandı, milçəyin səsi eşidiləcək qədər. “Gördün?!” - deyə Doluxan əmi kövrəlib onu qucaqladı. Səxavət də özünü saxlaya bilmədi, gözünün arxasında bulaq varmış sanki, bir anda qaynadı.

 

O gündən əmisi ilə qalırlar. Ondan iş tapmasını xahiş edir. “Sənin işləyən yaşın deyil, oxu” - deyir əmisi. Səxavətin “işləməyə qoymasan qayıdacam rayona” – bəyanatından sonra əmisi razılaşır. Səxavət yüngül işə də razılaşmır: “Sənin kimi fəhlə işləyəcəm”.

 

İşləyirdilər bir yerdə. Səxavət bütün kollektivin sevimlisinə çevrilmişdi, ifası və istiqanlılığı, insanlığı ilə.

 

Əmisi isə gecə-gündüz fikirləşirdi ki, necə etsin, Səxavəti sənətin arxasınca yönləndirsin. Bir gün onu Bakı kəndlərinə toya dəvət edirlər. Eşidir ki, toyda Hacıbaba Hüseynov oxuyacaq, o da Asəf Zeynallı adına musiqi məktəbində dərs deyir. Bundan gözəl fürsət olmaz düşünür əmi. Toyda yaxınlaşıb Səxavəti dinləməsi üçün sabaha vaxt alır Hacıbaba Hüseynovdan.

 

Ustad xanəndə tənbəkisini doldurub, - həə, qarabağlı yəqin “Segah”dan başlayar” - deyir, - başla görək.

 

Bir neçə ildən sonra Hacıbaba Hüseynovun Filarmoniyada keçirilən 70 illik yubileyində ustad xanəndə öz dili ilə Səxavət Məmmədovdan onu təbrik üçün “Mirzə Hüseyn segah”ını xahiş edəcəkdi.  

 

Bu, sonra olacaqdı, hələlik isə Səxavət Məmmədov Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunda Hacıbaba Hüseynovun sinfində xanəndəlikdən dərs almağa başlayır.  

 

Məktəbi bitirdikdən sonra Əlibaba Məmmədovun “Humayun” ansamblında solist kimi fəaliyyət göstərir. Yaradıcılığı, istedadı o qədər öz sərhədlərinə sığmırdı ki, kiminsə ansamblında işləmək onu qane edə bilməzdi. Səsi, istedadı, ətrafına yığılan dostlar müstəqil işləməsi üçün ona stimul verirdi. Nəhayət, “Azkonsert” birliyinin nəzdində özü “Qarabağ” ansamblını yaradır. Azərbaycanın elə bir guşəsi yox idi ki, Səxavət orda el şənliklərində, konsertlərdə iştirak etməsin.

 

1983-88-ci illərdə Azərbaycan Dövlət İncəsənət Universitetində təhsilini davam etdirib.

 

Artıq çox tanınır və hədsiz sevilirdi. Qeyri-adi, heç kimin səsinə bənzəməyən səsi bir yana, sevgisi, istiliyi ilə, insanlığı ilə sevilirdi Səxavət.

 

Onu dinləyən özünü tanıyandan sonra daha çox sevirdi xanəndəni. O qədər səmimi idi ki, olduğu kimi də görünürdü.

 

Bu sevgi Qarabağda müharibə başlayanda birə-beş artdı. Qarabağ camaatı Səxavətin timsalında arxa-dayaq görürdülər. Şənliklərindən qazandığı pul silah-sursat alıb Abdal, Gülablı camaatına paylayardı. Onların yanında, onlarla bir səngərdə olardı. Bu iki ayrı-ayrı kənd olsa da o qədər qaynayıb-qarışıb ki, adları da bəzən bir yerdə çəkilir. Səxavət də onların birini o birindən ayırmazdı. Ata evi Abdalın düz ortasında olsa da ziyarətlərində hər iki kəndin adamları il görüşüb, onlara dəstək verər, silah paylayar, yanlarında olardı.

 

Həmin vaxtlar Səxavət artıq ailə də qurmuşdu. Həm də iki ailəsi vardı. Görünür, bu da Səxavətin qəlbinin kövrəkliyinin, yumşaqlığının nəticəsi di. Şəfəq xanımla izdivacından iki övladı vardı – qızı Sədaqət və oğlu Şəhriyar.

 

1983-cü ildə isə el şənliklərindən birində gördüyü qızı unuda bilmirdi. Qarşısında ailə, oğul-uşaq və sevdiyi qız arasında seçim etmək vardı. Axır ki, qərarını verir, nə qızı el-oba içində rüsvay edəcək, nə də ailəsini atacaq. Sevdikləri insanın yanında olar, o da mənimlə olacaq - dedi. Əntiqə adlı sevgilisindən Səxavətin iki oğlu var - Bəxtiyar və Orxan.  

 

Anası Əskinaz xanımın dedikləri düşür bu yerdə yadıma. Deyir Səxavət heç kimin xətrinə dəyməzdi, elə bil ancaq yaxşılıq üçün yaranmışdı. Bir də anasının “Səxavət balalarımın ilkiydi, ağzımın ilk laylasını ona çalmışam” – sözü məni yaman tutdu. Ağzın ilk laylasındakı hikmətə baxın...

 

Fəhlə işlədiyi vaxtlar yoldaşlıq etdiyi insanlar onun haqqında elə sevgiylə danışırlar ki...

 

Mirəli danışır ki, tunel qazanda Səxavətə “sən oxu, biz qazarıq” - deyirdik, o da qaza-qaza oxuyurdu: “Tuneldə səsinin gözəlliyi bir az da artırdı axı, vallah, o çətinlikdə işin öhdəsindən Səxavətin sayəsində asanlıqla gələrdik”.

 

Bir dəfə dostlarından biri zəng eləyib deyir ki, Səxavət, məni xilas elə. Sahil qəsəbəsinin klubunda işləyirəm, bu gün komissiya gəlir, heç bir iş görməmişəm, amma Cəfər Cabbarlının yubileyi ilə bağlı tədbir keçirmək barədə məlumat-hesabatım çatıb onlara. Səxavət “yaxşı, gəlirəm” - deyir.

 

O axşam Sahil qəsəbəsinin klubundan bütün qəsəbəyə Səxavətin zənguləsində

 

Azad bir quşdum, yuvamdan uçdum

Bir bağa düşdüm, bu gənc yaşımda ...

 

sədaları yayılır. Sahil qəsəbəsi belə səsi nə görmüşdü, nə də eşitmişdi. Ardınca

 

Apardı sellər Saranı,

Bir ala gözlü balanı...

 

Gedin deyin, Xan çobana

Gəlməsin bu il Muğana.

Muğan batıb nahaq qana

Apardı sellər Saranı...

 

O payız səhəri Səxavət yatağından çox narahat qalxdı, ağır daş kimi. Yuxudan ayılsa da gördüyü yuxunun təsirindən ayıla bilmirdi...

 

Kənddə idi, orta məktəbdə oxuyurdu, anası  çağırıb onu yuxudan oyadanda qulağına hardansa qeybdən gəlirmiş kimi Sahil qəsəbəsinin klubunda oxuduğu mahnının səsi gəlirdi, həm də öz ifasında. Çaşıb qalmışdı. “Ana, kimdir oxuyan?” – deyə soruşdu. Anası “nə bilim ay, bala, qalx, məktəbə gecikirsən, radiodur də oxuyur” - dedi...

 

...Səxavət çaşıb qalmışdı, Sahil qəsəbəsində oxuduğu o iki mahnı sonradan onun repertuarının ən çox arzu edilən mahnıları idi. Hara gedirdisə, o iki mahnını oxumasını xahiş edirdilər ondan. İndi niyə o mahnı yuxuda onun uşaqlığına gedib çıxıb, öz səsi öz qulağına hardan gəlib yuxuda, həm də uşaqlığında?

 

Yavaşca maşını işə salıb yola çıxdı, hara çıxdığını özü də bilmədən. Səsinin arxasınca gedirdi elə bil.

 

Bir neçə gün əvvəl İsraildə konsert vermişdi. Xahiş etmişdilər ki, bir-iki gün də qalıb konsert versin. Cavab vermişdi ki, yox, getməliyəm, ölüb-eləyərəm, burdan Bakıya meyit aparmaq müşküldür, yenə Moskva olsa, yaxın olardı. Bu cavab hardan gəlmişdi onun dilinə, indi də bu səs məsələsi. “Nə isə...” – deyib, bu əcaib fikirləri  başından qovanda artıq darvazalarının qabağında idi.

 

Bu, onun doğma kəndinə son səfəri oldu.

 

1991-ci ilin sentyabrın 30-da axşam saat 17 radələrində Bakı-Astara yolunun 17-ci kilometrliyində Qaradağ rayonu ərazisində yol qəzası baş verib. Maşının sürücüsü Səxavət Məmmədov dünyasını dəyişib.

 

İkinci xəbər daha sarsıdıcı oldu, dünyasını dəyişən şəxs, adı əməkdar artistliyə təqdim edilmiş, xanəndə Səxavət Məmmədovdur.

 

Həmin gün Səxavət Məmmədov sevdiyi Abdal kəndində torpağa tapşırıldı. Torpaq onu böyük məhəbbətlə qucağına alıb, göz yaşları tökdü. Torpaq da ağladı, həm Səxavətin nakam ölümünə, həm də özünün gələcəyinə...

 

Səxavətin “Könlünün sevimli nəğməsi bitdi...”

 

“Muğansa o batan  batıb nahaq qana...” Yazının son sətirlərini yazıram, təsadüfdürmü, yoxsa... nədi bu ilahi, seçmə mahnılarını dinləyə-dinləyə gəlib sona çatmışam və son cümləni yazanda qulağımda oxuyur Səxavət Məmmədov:

 

Bir ovçu gördüm, sinəmdən vurdu

Torpağa düşdüm bu gənc yaşımda...

 

 

P.S. Xanəndənin həyatından bəzi faktlar  F.Əzimlinin “Pünhan qəlblərin xaqanı” kitabından götürülüb. Müəllif köməyə görə ona və Firuz Səxavətə təşəkkür edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21727
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar