Qayda pozan avtobus sürücüləri
25 noyabr 2021 14:46 (UTC +04:00)

Qayda pozan avtobus sürücüləri

Yol polisindən "avtoş"luq edən avtobus sürücülərinə XƏBƏRDARLIQ!

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi marşrut avtobuslarının yüksək sürətlə “yarış keçirməsi” ilə bağlı görüntülərə münasibət bildirib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a hadisəni araşdırmaq üçün daha geniş görüntülər izləmək lazım olduğunu deyib. Onun sözlərinə görə, yalnız bundan sonra məsələyə hüquqi qiymət verilə və onlar barəsində ölçü götürülə bilər:

“Qeydə alınan görüntülər qısadır. Araşdırma aparmaq və məsələyə tam düzgün hüquqi qiymət vermək üçün avtobusların həmin saatda törətdiyi pozuntunu texniki vasitələrlə daha geniş izləmək lazımdır. Hər halda yol hərəkəti qayda pozuntusu sosial şəbəkələrdə yayılıbsa mütləq qaydada tərəfimizdən məsələyə hüquqi çərçivədə münasibət olacaq. Bizi burda əsas narahat edən məsələ ictimai nəqliyyat kimi yüksək məsuliyyət, xüsusi təhlükəsizlik kimi dərin mahiyyət kəsb edən bir sahədə belə hadisələrin baş verməməsidir. İctimai nəqliyyatın iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin fəsadları olduqca mürəkkəb şərait yaradır. Bu da ictimai nəqliyyatın digər hərəkət iştirakçılarından daha məsuliyyətli, daha ciddi və təhlükəsiz şəraitdə idarə olunmasını tələb edir. Çünki bu xidmət növü bir və ya bir neçə şəxsin yox, onlarla insanın həyat və sağlamlığı, ətrafdakı hərəkət iştirakçılarının rahat hərəkət etməsi üçün çox vacibdir”.

Araz Əsgərli sərnişindaşıma ilə məşğul olan şirkətlərə üz tutaraq onlara daha məsuliyyətli olmaları barədə xəbərdarlıq edib:

“Adından da bəlli olduğu kimi, iri qabaritli və ictimai nəqliyyat vasitəsini idarə etmək daha böyük məsuliyyətdir. Bu kifayət qədər ciddi məsələdir. Hətta ən sadə hesab olunan qayda pozuntularını da həmin avtobus sürücüləri etməməlidir. Çünki onlar nəzərə almalıdır ki, yol verdikləri ən xırda pozuntu da daha ağır nəticələrə səbəb olur. Hesab edirəm ki, onları işə götürənlər də mütəmadi olaraq sürücüləri təlimatlandırmalı, onların psixoloji və sağlamlıq durumlarına diqqət yetirməlidirlər. Yaxşı olardı ki, hər gün xidmətə çıxmazdan əvvəl sürücülərin xəstəliyi yoxlanıldığı kimi, onların psixoloji durumu da yoxlanılsın. Hər halda ictimai nəqliyyatda baş verən yol hərəkəti qaydalarının pozulmasını qınayırıq və hesab edirik ki, bu pozuntular olmamalıdır. Bir daha fiziki və hüquqi şəxslərdən xahiş edirik ki, üzərlərinə götürdükləri bu məsuliyyətli işi layiqincə yerinə yetirsinlər. Çünki bu məsuliyyətsizliklər  sosial şəbəkələrdə yayılmaqdan əlavə, ictimaiyyəti, eləcə də hərəkətin təhlükəsizliyinə əsas cavabdeh dövlət orqanı kimi dövlət yol polisini də ciddi  narahat edir. Biz və aidiyyatı qurumlar bu məsələni nəzarətdə saxlayıb araşdırmanın nəticələrini ictimaiyyətə təqdim edəcəyik! Bir daha hərəkətin bütün iştirakçılarından məsuliyyətli olmağı tələb edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2241
avatar

Mehman Nəbiyev

Oxşar yazılar