Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi birgə tədbir nəticəsində dənizdə külli miqdarda tütün məmulatlarının qanunsuz qaçaqmalçılığının qarşısı alınıb.
Hər iki qurumun mətbuat xidmətlərindən Lent.az-a daxil olan birgə məlumatda qeyd olunur ki, Salyan rayonu istiqamətindən naməlum 2 üzmə vasitəsinin rejim qaydalarını pozaraq icazəsiz olaraq gecə vaxtı dənizə çıxması barədə qabaqlayıcı məlumata əsasən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi qeyd olunan əraziyə göndərilib. Texniki müşahidə avadanlıqları və radarlar vasitəsilə üzmə vasitələrinin hərəkəti nəzarətə götürülərək, sahildən 1.6 mil məsafədə 2 nəfər heyət üzvü olan 1 ədəd bort nömrəsiz “Yamaha-8” mühərrikli taxta tipli qayıq və onun yedəyində mühərriksiz rezin qayıq saxlanılıb.
Üzmə vasitələrinin heyəti özlərini Neftçala rayonu, Qoltuq kənd sakinləri 43 yaşlı Quliyev Süleyman Qəhrəman oğlu və 34 yaşlı Abuşov Sahib Qarakişi oğlu kimi təqdim ediblər.
Qayıqlara baxış zamanı ümumilikdə 48 680 qutu müxtəlif növ tütün məmulatları (“Manchester”, “Magna”, “Senator”, “Kent”, “Platinum”, “King”, “Want”) aşkar edilib.
Fаkt ilə bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.