Paytaxtda qaydaları pozan mindən çox sürücü CƏZALANDIRILDI
Bakı şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə iyulun 19-da jurnalistlərin iştirakı ilə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri keçirib.
Bu barədə Lent.az-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtın bütün rayonlarını əhatə edən gücləndirilmiş tədbirlərə televiziyalar, informasiya agentlikləri, xəbər saytları, çəkiliş reportyor qrupları cəlb olunmaqla hüquq pozuntularının profilaktikası, küçə ticarəti, avara və dilənçiliklə məşğul olma ilə yanaşı, şəhər görkəminə xələl gətirən, antisanitariya, avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə, müəyyən olunmayan yerlərdə – səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması və digər hallarla bağlı fəal iş aparılıb.
Əməliyyat və profilaktiki tədbirlər nəticəsində müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 52 nəfərin yeri müəyyənləşdirilərək saxlanılıb, küçə ticarəti ilə məşğul olduqlarına görə 259, 30 nəfər avara və dilənçiliklə məşğul olduqlarına görə, eləcə də xırda xuliqanlıq, xırda talama, antisanitariya və digər hallar aşkar edilib.
Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan ümumilikdə 1102, o cümlədən kobud qayda pozuntusuna yol verən 717 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, çoxavazlı səs siqnalları, səs boğucular, sayrışan işıqlar və qanunla qadağan olunan digər əlavə avadanlıqlar quraşdırılan, eləcə də konstruksiyasında dəyişiklik edilən, avtomaşını sərxoş halda idarə edən sürücülər, avtoxuliqan və yolu müəyyən olunmayan yerdən keçən piyadalar müəyyən ediliblər.
Aşkarlanan hər bir hüquqazidd əmələ görə qanunvericiliyin tələblərinə uyğun olaraq, müvafiq tədbirlər görülüb. Əməliyyat-profilaktik, profilaktik-maarifləndirmə tədbirləri çərçivəsində ictimai təhlükəsizlik idarə və şöbələrinin, post patrul, yol polisi və digər xidmətlərin əməkdaşları ilə birgə KİV nümayəndələri vətəndaşlarla fərdi profilaktik söhbətlər aparıb, şəhər sakinlərinin məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşması istiqamətində tövsiyələr veriblər.
Paytaxtda xidmətin nümunəvi təşkili və aparılması, asayişin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən etibarlı qorunması nəzarətdə saxlanılmaqla, müvafiq tədbirlər davam etdirilir.
402