Qeyri-rəsmi şəkildə yaşadığı qadını aldadan şəxsin məhkəməsi başladı
31 mart 2015 15:03 (UTC +04:00)

Qeyri-rəsmi şəkildə yaşadığı qadını aldadan şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən  Bakı şəhər sakinləri Mehdi Məmmədov, Bahəddin Ələkbərov və Camal Allahverdiyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

 

Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Camal Allahverdiyevin vəkili Rəsul Yusifbəyli vəsatətlə çıxış edib. O, çıxışında məhkəmədən müdafiə etdiyi şəxsin barəsində olan cinayət işinə xitam verilməsini istəyib. Vəkilin sözlərinə görə, onun müdafiə etdiyi Camal Allahverdiyev dələduzluq cinayəti törətməyib.

İttiham olunan şəxslərdən Mehdi Məmmədov isə bir neçə vəsatətlə çıxış edib. O, əvvəlcə məhkəmə iclasının ona aid olan hissəsinin qapalı keçirilməsini istəyib. Buna səbəb kimi o, ailə məsələləri olduğunu vurrğulayıb.

Vəkil Rəsul Yusifbəyli müdafiə etdiyi şəxsin barəsində seçilmiş həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib. Daha sonra Mehdi Məmmədov cinayət işində olan sənədlərin onun iştirakı ilə yenidən qiymətləndirilməsi, həbs-qətimkan tədbirinin dəyişdirilməsi və yaxud ləğv edilməsi, həmçinin, cinayət işinə xitam verilərək yenidən istintaqın aparılması üçün cinayət işinin prokurorluğa qaytarılması barədə vəsatət verib.

Zərərçəkmiş Cəmilə Məmmədovanın hüquqi nümayəndəsi isə mülki iddia ilə çıxış edib. Prokuror müdafiə tərəfinin verdiyi heç bir vəsatətin təmin olunmamasını istəyib. O, yalnız Mehdi Məmmədovun ifadəsinin qapalı prosesdə baxılması ilə bağlı verdiyi vəsatətə münasibət bildirməyib. Prokuror qeyd edib ki, prosesin həmin hissədə qapalı keçirilməsi ilə bağlı vəsatəti məhkəmənin mülahizəsinə verir.

Prokuror həmçinin bildirib ki, ibtidai istintaq zamanı kobud qanun pozuntusuna yol verilməyib. Onun sözlərinə görə, bu səbəbdən cinayət işinin yenidən istintaqa qaytarılmasına da əsas yoxdur. Prokuror işin məhkəmə baxışına verilməsini istəyib. Tərəfləri dinləyən hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar.

Müşavirədən qayıdan hakimlər heç bir vəsatəti təmin etməyiblər və məhkəmə baxışını aprelin 7-nə təyin ediblər.

 

Qeyd edək ki, təqsirləndirilən hər 3  şəxs Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) maddələri ilə ittiham edilirlər. Həmçinin Mehdi Məmmədova əlavə olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə də ittiham verilib.
Mehdi Məmmədov və digər təqsirləndirilən şəxslər Bakı şəhərində 56 min manata mənzil alıblar və daha sonra həmin mənzili Gürcüstan vətəndaşı Cəmilə Məmmədovaya 70 min manata satıblar. Cəmilə Məmmədova ilə Mehdi Məmmədovun arasında qeyri rəsmi ər-arvad münasibəti də olub.
Sonradan Cəmilə Məmmədova evin 56 min manata alındığı və ona 70 min manata satıldığını bilib. O, Mehdi və digər şəxslərdən pulunun geri qaytarılmasını istəyib. Mehdigil ona evi verdiklərini və pulu qaytarmayacaqlarını deyib. Bu zaman Cəmilə ilə Mehdinin arasında mübahisə yaranıb. Mübahisə zamanı Mehdi Cəmiləni döyüb. Cəmilə döyülmə nəticəsində xəsarət alıb və xəstəxanada müayinə olunub.

Bundan sonra Cəmilə Mehdi Məmmədovanın və digər şəxslər barəsində hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Mehdi Məmmədov, Bahəddin Ələkbərov və Camal Allahverdiyev həbs edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 122
avatar

Səlcuq Elçin

Oxşar yazılar