Kürdəmir rayonu ərazisində yanacaq daşıyan maşının aşması zamanı baş verən güclü yanğının qarşısı alınıb. APA-nın məlumatına görə hadisə bu gün axşam saat 19:30 radələrində Bakı-Qazax magistral avtomobil yolunun Kürdəmirin Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Otuz ton yanacaq daşıyan “KAMAZ” markalı yük avtomobili naməlum səbəbdən aşıb, yola və ətraf əraziyə dağılan benzin böyük yanğın hadisəsinə səbəb olub. Ərazidə Ucar və Kürdəmir Dövlət Yanğından Mühafizə Hissələrinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.
Bir saat ərzində yanğının qarşısı alınıb. Yanğın hadisəsi səbəbindən yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmuşdu. Hazırda yolda nəqliyyatın hərəkəti bərpa edilib. Aşmış yük maşınından hələ də yanacaq axır və ərazidə yenidən yanğının baş verməməsi üçün iş aparılır, əraziyə yanğınsöndürənlər nəzarət edir. Hadisə zamanı Qəbələ rayon sakinləri 1968-ci il təvəllüdlü Kərimov Rahib Mirsahib oğlu və 1950-ci il təvəllüdlü Kərəmov Nadir Muxtar oğlu ağır dərəcəli yanıq xəsarətləri ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Sonradan vəziyyəti ağırlaşan xəstələr müalicə üçün Bakı şəhərinə yola salınıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
****
20:17
Kürdəmir rayonu ərazisində yanacaqdaşıyan maşının aşması yanğına səbəb olub. APA-nın məlumatına görə, hadisə bu gün axşam saat 19:30 radələrində Bakı-Qazax magistral avtomobil yolunun Kürdəmir və Ucar rayonları arasındakı hissəsində qeydə alınıb.
Yanacaq daşıyan “KaMAz” markalı yük avtomobili naməlum səbəbdən aşıb, yola və ətraf əraziyə dağılan benzin böyük yanğın hadisəsinə səbəb olub. Hazırda ərazidə Ucar və Kürdəmir Dövlət Yanğından Mühafizə Hissələrinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi çalışır.
Yanğın hadisəsi səbəbindən yolda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Hadisə zamanı iki nəfərin yanıq xəsarətləri alaraq Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirildiyi bildirilir.