Vergilər Nazirliyi Əli Kərimlinin köməkçisinə <span style="color:red;">39 minlik MÜLKİ İDDİA  qaldırdı
01 iyun 2017 18:00 (UTC +04:00)

Vergilər Nazirliyi Əli Kərimlinin köməkçisinə 39 minlik MÜLKİ İDDİA qaldırdı

AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev  hüquqlarını müdafiə etdiyi şəxsin şüşə kabinədən çıxarılıb vəkillərinin yanında əyləşməsi barədə vəsatət qaldırıb.

Məhkəmə vəsatəti təmin edib.

Faiq Əmirlinin digər vəkili Aqil Layıcov işdə sübut kimi sadalanan əşyaların məhkəməyə gətirilməsi barədə vəsatət qaldırıb. Vəkil deyir ki, əvvəl müdafiə etdiyi şəxsin avtomobilinə Fethullah Gülen-in kitablarını atıblar, sonradan sübutlar siyahısından çıxarıblar.

Hakim bu vəsatəti də təmin edib. Bildirib ki,  şahid ifadələrindən sonra sənədlərin tədqiqi mərhələsində həmin sübutlar da təqdim olunmalıdır.

Məhkəmə istintaqı açıq elan edilib. Prokuror ittiham aktını elan edib.

İttiham aktında qeyd edilib ki, Faiq Əmirli mediada, o cümlədən "Azadlıq" qəzetində Fethullah Gülen ideyalarını yaymaq niyyəti ilə disklər əldə edib saxlamaqda, qəzetin satışını az göstərib 39 min manatlıq vergidən yayınmaqda ittiham olunur. Eyni zamanda, Vergilər Nazirliyi də Faiq Əmirliyə qarşı 39 min 21 manatlıq mülki iddia qaldırıb.

Faiq Əmirli ittiham üzrə özünü təqsirli bilməyib.

Məhkəmə Faiq Əmirliyə sərbəst ifadə verməyi təklif edib. O, bildirib ki, ona qarşı verilən ittihamlar əsassızdır. Vəkil Aqil Layicov Vergilər Nazirliyinin Faiq Əmirliyə “Azadlıq” qəzeti ilə bağlı vergi iddiasının yönəldilməsinə etiraz edib.

Hakim vəsatəti təmin etməyib.

Proses iyunun 12-də davam edəcək.

Qeyd edək ki, F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Onun barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.

O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması), 213-cü (vergidən yayınma) və 308-ci vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 73
avatar

Səlcuq Elçin

Oxşar yazılar